Bakı. Trend:
Süni intellekt texnologiyaları 180 milyona yaxın yeni iş yerinin yaranmasına gətirib çıxara bilər.
Trend xəbər verir ki, bunu Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev "Gənclərin Süni İntellekt Forumu"nda çıxışı zamanı deyib.
"Biz yalnız süni intellektdən istifadə etməməliyik, onun mərkəzində olmalıyıq. Gənclər süni intellekt texnologiyaları üzrə layihlərinə dəstəklə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.
Biz Gənclər Fondu olaraq hər zaman bu tip layihələrin dəstəklənməsinə, onlara qrantların ayrılmasına hazırıq. Bu gün bizim əsas prioritet sahələrimizdən biri bir sıra sahələrdə rəqəmsallaşmaya keçirilmədir", - o qeyd edib.
Y.Vəliyevin sözlərinə görə, süni intellekt texnologiyalarının tətbiqi məhsuldarlığa müsbət təsir göstərə bilər:
"Bəzən hesab edilir ki, süni intellekt insanların tənbəlləşməsinə gətirib çıxara bilər. Amma bunu da nəzərə almalıyıq ki, məhz bu texnologiyalar insanların saatlarla, günlərlə vaxt sərf etdiyi işi daha da asan və tez bir müddətə icra etməsinə səbəb olur. Eyni zamanda, bu, məhsuldarlığa da müsbət təsir göstərə bilər".
"Süni intellekt bizim rəqibimiz deyil. Bəzən bildirilir ki, süni intellekt bir çox sahələrdə insanların işini əlindən ala bilər. Amma nəzərə almaq lazımdır ki, süni intellekt, robototexnika, rəqəmsallaşma 70 milyona yaxın işi sıradan çıxaracaqsa, bundan 2-3 dəfə artıq yeni iş yerinin yaranmasına səbəb olacaq", - deyə Y.Vəliyev vurğulayıb.