Bakı. Trend:
İsrail Hava qüvvələri İrana qarşı hərbi əməliyyatlar çərçivəsində İsfahan və Tehranda İrana aid bir neçə hava hücumlarından müdafiə batareyalarını vurub.
Trend xəbər verir ki, aviareydlərin görüntüsünü İsrail Müdafiə Qüvvələri (IDF) yayıb.
IDF qeyd edir ki, aviareydlər çərçivəsində İsrail qırıcılarını hədəfə alan və əməliyyata mane olmağa çalışan radar sistemləri və zenit-raket kompleksləri məhv edilib.
Məhv edilən texnikanın dəqiq sayı barədə məlumat verilmir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.