Bakı. Trend:
İsrailin müdafiə naziri İsrael Katz ölkənin ordusuna destabilizasiya məqsədilə İrana zərbələrin intensivliyini artırmağı əmr edib.
Trend xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Nazir qeyd edib ki, bu addımlar İranın nüvə proqramını pozmaq məqsədilə (nüvə) obyektlərinə və alimlərinə qarşı həyata keçirilən zərbələrlə paralel davam etdirilir.
Məlumata əsasən, İranın hökumət obyektlərinə hücumların gücləndirilməsi qərarı İsrail rəhbərliyinin təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirəsindən sonra qəbul olunub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.