Bakı. Trend:
Almaniyada 2024-cü ildə ölüm halları doğumdan çox olsa da, ölkənin əhalisi miqrasiya sayəsində artmağa davam edib.
Trend xəbər verir ki, bu barədə məlumatı Federal Statistika İdarəsi yayıb.
Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin sonunda Almaniyada təxminən 83,6 milyon nəfər yaşayırdı ki, bu da ölkə tarixində rekord göstəricidir. Əhalinin sayı 2023-cü illə müqayisədə 0,1% və ya 121 min nəfər artıb.
Bu artım tamamilə xaricilərin Almaniyaya axını hesabına baş verib. Əcnəbilərin sayı 283 min nəfər və ya 2,3% artaraq, ümumi əhalidə onların payını 14,5%-dən 14,8%-ə yüksəldib.
Əcnəbilər arasında ən böyük qrupları Türkiyə (təxminən 1,4 milyon nəfər), Ukrayna (təxminən 1,1 milyon nəfər) və Suriya (təxminən 890 min nəfər) vətəndaşları təşkil edir.
Bununla belə, ölkədə təbii artım mənfi olaraq qalır – ölüm sayı doğumu təxminən 330 min nəfər üstələyib.