...

Türkiyə dəmir yolu ilə yük daşımalarının payını artırmağı planlaşdırır – Nəqliyyat Nazirliyinin nümayəndəsi

İqtisadiyyat Materials 20 Noyabr 2024 12:48 (UTC +04:00)
Türkiyə dəmir yolu ilə yük daşımalarının payını artırmağı planlaşdırır – Nəqliyyat Nazirliyinin nümayəndəsi
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə dəmir yolu ilə yük daşımalarının payını artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avropa İttifaqı və beynəlxalq əlaqələr üzrə Baş direktoru Burak Aykan COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib.

"Türkiyədə istixana qazı emissiyalarını azaltmaq üçün Nazirlik büdcəsinin yarısından çoxunu dəmir yolu sektorunun inkişafına yönəltməyi planlaşdırırıq. Məqsədimiz, 2053-cü ilə qədər dəmir yolu ilə yük daşımalarının payını 22 faizə çatdırmaqdır. Dəmir yolu xətlərinin elektrikləşdirilməsi üzrə öhdəliklərin həyata keçirilməsi bizə təmiz enerjidən istifadə etməyə, daşımalar zamanı karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa və dayanıqlı inkişaf məqsədlərimizi irəli aparmağa imkan verəcək. Türkiyə, həmçinin, elektrik qatarları istehsal etmək qabiliyyətini sübut edib ki, bu da "yaşıl" nəqliyyata və yerli texnologiyalardan istifadəyə bağlılığımızı təsdiqləyir", – deyə o əlavə edib.

Burak Aykan həmçinin quru nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb.

"Sahil xəttindən uzaq ərazilərdə istehsal olunan malların, məsələn, Çinin Sian şəhərindən və ya Mərkəzi Asiyanın daxili ölkələrindən dəniz limanlarına daşınması yalnız xərcləri artırır və effektivliyi azaldır. Quru nəqliyyat və nəqliyyat əlaqələrinin kombinasiyası dəniz yollarını əhəmiyyətli dərəcədə qısaltmağa və marşrutları təkcə Avropaya deyil, həm də Yaxın Şərq və Şimali Afrikaya genişləndirməyə imkan verir", – deyə B.Aykan bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti