Bakı. Trend:
Bu ilin ilk yarısında Çin-Avropa dəmir yolu ekspressi 90 mindən çox reys həyata keçirərək ümumi dəyəri 380 milyard ABŞ dolları olan yüklər daşıyıb.
Trend xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tsyu Sinli COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib
"Bu ilin ilk yarısında Çin-Avropa dəmir yolu ekspressi 90 mindən çox reys həyata keçirərək ümumi dəyəri 380 milyard ABŞ dolları olan yüklər daşıyıb. Çin-Avropa dəmir yolu ekspressi Çinin 123 şəhərini Avropanın 25 ölkəsindəki 224 şəhərlə və Asiyanın 11 ölkəsindəki 108 şəhərlə birləşdirir", - deyə o qeyd edib.
Çin limanlarında internet şəbəkələri infrastrukturunun inkişafı və rəqəmsal transformasiya məsələsinə toxunan nümayəndə əlavə edib ki, Çin, dünya səviyyəli limanların yaradılması məqsədilə 56 limanda pilot layihələr həyata keçirir.
"Bu limanlar müasir limanlara çevrilərək intellektual sistemlər, rəqəmsal idarəetmə və regional əməkdaşlıq üçün əsas rolunu oynayır. Bundan əlavə, Çin-Vyetnam Ağıllı Limanı kimi layihələr regional əməkdaşlıq üçün yeni bir model yaradıb. Biz əməkdaşlıq modellərini diversifikasiya etməyə davam edirik və təcrübəmizi qonşu ölkələrlə bölüşürük", - deyə Tsyu Sinli vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.