...

Orta Dəhlizin dayanıqlığının və etibarlılığının gücləndirilməsi Gürcüstan üçün prioritetdir – Nazir

İqtisadiyyat Materials 20 Noyabr 2024 16:16 (UTC +04:00)
Orta Dəhlizin dayanıqlığının və etibarlılığının gücləndirilməsi Gürcüstan üçün prioritetdir – Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhlizin dayanıqlığının və etibarlılığının gücləndirilməsi Gürcüstan üçün prioritetdir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.

"Bizim prioritetimiz Orta Dəhlizin dayanıqlığını və etibarlılığını artırmaq, o cümlədən, infrastrukturun modernləşdirilməsi vasitəsilə bu məqsədə nail olmaqdır. Gürcüstandakı iki əsas dəmir yolu layihəsini xüsusilə qeyd etmək istəyirəm: əsas dəmir yolu xəttinin modernləşdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yolu xətti. Bu layihələr dəmir yolu daşımalarının rəqabət qabiliyyətini artırır ki, bu da ən ekoloji təmiz nəqliyyat növlərindən biri hesab olunur", — deyə nazir bildirib.

L.Davitaşvili qeyd edib ki, dəmir yolunun modernləşdirilməsi başa çatmaq üzrədir və onun buraxılış qabiliyyətini illik 27 milyon tondan 48 milyon tona qədər artıracaq, eyni zamanda, istismar səmərəliliyini yüksəldəcək.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizi daha da gücləndirir və Azərbaycan, Gürcüstan və Türkiyəni birbaşa birləşdirir.

"Bundan əlavə, şərq-qərb avtomagistralının tikintisi sürətlə davam edir: sahələrin 70 faizi artıq istifadəyə verilib. Yeni yollar Avropa təhlükəsizlik standartlarına uyğun layihələndirilib və intellektual nəqliyyat sistemlərinin tətbiqi onların istismarını daha da yaxşılaşdıracaq", — deyə L.Davitaşvili əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti