Bakı. Trend:
Pakistan "yaşıl" nəqliyyat təşəbbüslərini dəstəkləyən aydın siyasi çərçivələrin yaradılmasına sadiqdir.
Trend xəbər verir ki, bu barədə Pakistanın kommunikasiya üzrə naziri Abdul Alim Xan "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
"Pakistan milli səviyyədə "yaşıl" nəqliyyat təşəbbüslərini dəstəkləyən aydın siyasi çərçivələrin yaradılmasına sadiqdir. Bizim milli nəqliyyat siyasətimiz iqlim məqsədlərimizə uyğunlaşdırılıb və hər bir şəhər nəqliyyatı layihəsinin davamlı, aşağı karbonlu və iqlim təsirlərinə qarşı dayanıqlı olmasını təmin etməyə yönəlib.
Pakistanın "yaşıl" iqtisadiyyata keçid və dekarbonizasiya üzrə maliyyə ehtiyacları hələ də əhəmiyyətlidir. Ölkə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün beynəlxalq iqlim maliyyələşdirilməsinə çıxışını genişləndirməyi nəzərdə tutur.
Pakistan, həmçinin, Paris Sazişinin 6-cı maddəsində nəzərdə tutulan alətlərdən istifadə etməyi planlaşdırır. Artıq karbon qiymətləndirilməsi alətləri, yaşıl və mavi istiqrazlar da daxil olmaqla, maliyyə mənbələrini şaxələndirməyə kömək edəcək bazar və qeyri-bazar yanaşmaları müəyyən edilib", — deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.