Bakı. Trend:
Nəqliyyat iqlim risklərinin qiymətləndirilməsinin vacib hissəsinə çevrilməlidir.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) baş direktoru müavini Maya Bakranna COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" sessiyasında çıxış edərkən bildirib.
"Şəhər nəqliyyatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün riskləri nəzərə almaq və fəlakətlərdən sonra bərpa olunmağa qadir olan çevik infrastruktur qurmaq vacibdir. Düzgün planlaşdırma olmadan problemləri effektiv həll etmək mümkün deyil və nəqliyyat iqlim risklərinin qiymətləndirilməsinin vacib hissəsinə çevrilməlidir", — deyə Maya Bakranna qeyd edib.
Onun sözlərinə görə, şəhərlər yaşıl keçiddə əsas rol oynayır və Avropa İttifaqında bu istiqamətdə bir neçə addım atılır.
"Birincisi, şəhər mobilliyini diqqətlə planlaşdırmaq vacibdir. İkincisi, ictimai nəqliyyatın əlçatanlığı və cəlbediciliyi artırılır. Eyni zamanda, piyadalar, velosipedçilər və ekoloji avtomobillər üçün şarj stansiyalarına dair infrastruktur inkişaf etdirilir. Həmçinin, nəqliyyatın birgə istifadəsi və şəhər yükdaşıma logistikası kimi innovativ həllər tətbiq olunur.
Bütün bu tədbirlər Avropa İttifaqının dayanıqlı şəhər mobilliyi planlarına daxildir və artıq trans-Avropa şəbəkəsindəki 431 böyük şəhər üçün məcburidir. Bu, şəhərlərin məlumat toplamaq və multimodal nəqliyyat mərkəzləri hazırlamaq öhdəliyi daşıdığı anlamına gəlir", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.