...

Dominikan Respublikası COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün birgə səylərə çağırır

İqtisadiyyat Materials 20 Noyabr 2024 13:25 (UTC +04:00)
Dominikan Respublikası COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün birgə səylərə çağırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dominikan Respublikası Paris Sazişinə olan möhkəm bağlılığını təsdiqləyir və qlobal iqlim böhranına cavab olaraq kollektiv tədbirlərin zəruriliyini vurğulayır.

Trend xəbər verir ki, bunu Dominikan Respublikasının iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə vitse-naziri Ana Emiliya Pimentel Rodriqes COP29 Sammitində çıxış edərkən bildirib.

"Son üç ildə Dominikan Respublikası dağıdıcı fırtınalar, genişmiqyaslı daşqınlar və ekstremal quraqlıq dövrləri ilə üzləşərək ciddi iqtisadi və sosial nəticələrlə qarşılaşıb", — deyə Pimentel Rodriqes vurğulayıb.

O, ölkənin iqlim dəyişikliyindən birbaşa təsirləri, məsələn, kənd təsərrüfatı məhsuldarlığının azalması, icmaların qeyri-sabitliyi və inkişaf imkanlarının ciddi şəkildə məhdudlaşması kimi problemlərə diqqət çəkib.

Vitse-nazir həmçinin, Dominikan Respublikasının sahilyanı bölgələrinə təsir edən və ölkənin turizm sektoruna birbaşa təhlükə yaradan dəniz yosunu olan sarqasum məsələsinə toxunub.

"Çimərliklərin sarqasum ilə çirklənməsi milyonlarla dollarlıq ziyana səbəb olub və bu, iqtisadiyyatımızın əsas sahəsinin sabitliyini təhlükə altına qoyur", — deyə o bildirib.

Bu çətinliklərə baxmayaraq, Pimentel Rodriqes iqlim böhranının aradan qaldırılması üçün beynəlxalq səylərin gücləndirilməsinə çağırıb.

"Qlobal balansın nəticələri aydındır: iqlim dəyişikliyinin qarşısını almaq üçün kifayət qədər iş görmürük", — deyə vitse-nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti