Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz COP29-un Niderlandlı iştirakçısı Yan Herman Piter Ten Bruqenseytdir.
Müsahibimiz Trend-ə bildirib ki, hər kəsin son bir neçə ildə əldə edilmiş razılaşmalara sadiq qalması çox vacibdir.
O, bu məqamda danışıqların necə nəticələnəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyib:
"Danışıqların necə nəticələnəcəyini bu məqamda demək çətindir. Hesab edirəm ki, burada təşkilatçılıq yaxşı təşkil olunub. Təbii ki, hər il COP danışıqları aparılır. Heç də həmişə uğurlu və asan olmur. Ona görə də indidən proqnozlar vermək çətindir, amma həqiqətən, yaxşı nəticəyə ümid edirəm".
"Düşünürəm ki, əsas mesaj ondan ibarətdir ki, bizə iqlim üçün lazımi miqdarda maliyyə vəsaiti lazımdır. Ancaq o da aydındır ki, bu, 20 və ya 23 ölkənin görə biləcəyi bir iş deyil. Buna daha çox ölkənin töhfə verməsi lazımdır. Bu, həqiqətən ehtiyac duyulan bir məsələdir. Hər kəsin son bir neçə ildə əldə edilmiş razılaşmalara sadiq qalması da çox vacibdir", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.