...

Orta Dəhlizdə tranzit konteyner blok qatarlarının sayı artırılacaq – Rəşad Nəbiyev

İqtisadiyyat Materials 20 Noyabr 2024 15:49 (UTC +04:00)
Orta Dəhlizdə tranzit konteyner blok qatarlarının sayı artırılacaq – Rəşad Nəbiyev
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz vasitəsilə tranzit konteyner blok qatarlarının sayı 2025-ci ilə qədər 600-ə çatdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda keçirilən yüksək səviyyəli "dəyirmi masa" zamanı bildirib.

"Son bir neçə ildə Azərbaycan ümumi tranzit həcminin davamlı artımını nümayiş etdirir. 2023-cü ildə bu göstərici 13,4 milyon ton təşkil edib ki, bunun 4,3 milyon tonu Orta Dəhliz vasitəsilə daşınıb. 2024-cü ilin əvvəlindən Çin vasitəsilə Orta Dəhlizdən keçən blok qatarlarının hərəkətini təmin edirik.

Bu ilin sonuna qədər ölkəmizin ərazisindən 300-dən çox blok qatarının keçməsi gözlənilir. Hazırda tranzitin orta müddəti Azərbaycan limanlarına qədər 10 gün, Gürcüstan limanlarına qədər isə 12 gün təşkil edir.

Gələn il biz blok qatarlarının sayını 600-ə çatdırmağı, perspektivdə isə bu göstəricini 1 000 blok qatarına qədər artırmağı planlaşdırırıq", — deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti