Bakı. Trend:
Gələn ilin may ayında Leypsiqdə İqlim Dəyişikliyi üzrə Nazirlər Dəyirmi Masası çərçivəsində xüsusi müzakirə keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyos COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxış edərkən bildirib.
"Qarşıdakı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) əhəmiyyətini nəzərə alaraq, 2025-ci ilin may ayında Leypsiqdə keçiriləcək MFT Sammitində İqlim Dəyişikliyi üzrə Nazirlər Dəyirmi Masası çərçivəsində xüsusi müzakirə keçirəcəyik.
Bu müzakirə nəqliyyatın yeni təqdim olunan NDC-lərdə nə dərəcədə əhatə olunduğunu qiymətləndirməyə imkan verəcək. Həmçinin, MFT-yə üzv ölkələr arasında tədbirlərin həyata keçirilməsinə dəstək məqsədilə əməkdaşlıq sahələrini müəyyən etməyə kömək edəcək.
Əminik ki, bu dəyirmi masa nəqliyyat sektorunun dekarbonizasiyası ilə bağlı birgə səylərimizdə mühüm mərhələ olacaq. Nazirləri, siyasətçiləri və maraqlı tərəfləri bir araya gətirərək, əldə olunan irəliləyişlərə əsaslanacaq, boşluqları müəyyənləşdirəcək və çətinliklərin aradan qaldırılması üçün birgə işləyəcəyik.
Bu dialoq ümumi qətiyyətimizi gücləndirmək, ən yaxşı təcrübələrlə bölüşmək və irəliləyişi sürətləndirməyə kömək edəcək tərəfdaşlıqlar yaratmaq üçün bir imkan təqdim edəcək", — deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.