Bakı. Trend:
Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq avtomobil daşımaları üzrə tərəfdaşlarla sazişlər imzalamağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tsyu Sinli COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib
"Çin sərhəd idarəçiliyi, sərhəd-keçid məntəqələrinin istismarı və transsərhəd obyektlərin tikintisi kimi sahələrdə əməkdaşlıq üzrə bir çox saziş imzalayıb. Çinin miqrasiya orqanları Rusiya, Monqolustan və Qazaxıstan da daxil olmaqla 11 qonşu ölkə ilə birlikdə dəniz əlaqələri üzrə üçtərəfli mexanizm yaradıb. Bu mexanizm limanlarda gömrük prosedurlarına dair məlumat mübadiləsini, fövqəladə hallar zamanı operativ həll yollarının tapılmasını, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsini və gömrük rəsmiləşdirilməsinin, liman əməliyyatlarının fasiləsiz həyata keçirilməsini təmin edir.
Çinin nəqliyyat qurumları və "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsindəki tərəfdaşlar beynəlxalq avtomobil daşımaları və transsərhəd infrastrukturun tikintisi üzrə sazişlərin imzalanması üçün danışıqlar aparır", – deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.