Bakı. Trend:
Bir dövlət ki, başqa dövlətin suverenliyi üçün bu cür can atır və qrup yaradır, bu, təqdirəlayiqdir. Biz onilliklər boyu bu dəstəyi gözləyirdik. İlk olaraq bu təşəbbüs Azərbaycandan gəldi.
Trend-in məlumatına görə, bunu COP29 çərçivəsində Azərbaycana səfər edən müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika dövlətlərinin nümayəndələri ilə görüş zamanı İnkişaf və Ağacların Qorunması və Bərpası naminə Təşkilatın (ASRAD) prezidenti Kabine Doumbia deyib.
O qeyd edib ki, COP29 iqlim dəyişikliyinə həsr olunsa da, mövzunu neokolonializm və kolonializm ilə birləşdirmək hər dövlətin işi deyildi.
“Azərbaycanı COP29 təşkilatçılığına görə təbrik edirəm. Bakı Təşəbbüs Qrupu bizə çox dəstək oldu. Azərbaycanın Qoşulmama Hərakatına sədrliyini də alqışlayıram”, - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.