...

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74%-i işlə təmin olunub - Nazir müavini

İqtisadiyyat Materials 30 İyul 2025 10:16 (UTC +04:00)
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74%-i işlə təmin olunub - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Kibertəhlükəsizliyin həm qlobal miqyasda, həm də ölkəmiz üçün aktuallığı durmadan artır. Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər mütənasib olaraq çoxalır, yeni daha mürəkkəb kibercinayət növləri yayılır. Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günündə çıxışı zamanı deyib.

O bildirib ki, “Statista” platformasının hesablamalarına görə, kibercinayətkarlığın ümumi zərəri 2025-ci ildə 10 trilyon dollar civarında proqnozlaşdırılır: "Bu göstəricinin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal edilir.
Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorunu hədəf ala bilər. Bu o deməkdir ki, heç bir qurum kiberhücumlardan 100% sığortalanmayıb. Məhz buna görə də şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də ölkəmiz üçün kritik önəm təşkil edən müəssisələrdə kibertəhlükəsizlik üzrə müvafiq insan kapitalının, eləcə də lisenziyalı proqram təminatlarının və antivirus proqramlarının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir".

Nazir müavini qeyd edib ki, kibertəhdidlər Azərbaycandan da yan keçmir: "Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması bu baxımdan milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib və dövlət rəhbərliyi səviyyəsində müvafiq strateji yanaşma formalaşıb. Belə ki, 2023-cü il avqustun 28-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edilib.
Strategiyadan irəli gələn yanaşma çərçivəsində görülən işlər Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il üçün açıqladığı hesabatda ölkəmizin mühüm irəliləyiş əldə etdiyini göstərir. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 (doxsan üç tam yüzdə yetmiş altı) xal toplayaraq “təkmil səviyyə”də qərarlaşıb. Beləliklə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyətin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdiyinin şahidi oluruq".

S. Məmmədov vurğulayıb ki, Strategiyada digər mühüm məsələlərlə yanaşı, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsinin təmin edilməsi zərurəti də öz əksini tapıb: "Sevindirici haldır ki, son illərdə Azərbaycanda təhsil müəssisələri tərəfindən bu istiqamətdə sistemli yanaşma formalaşıb. Gənclərin də sahəyə marağı əhəmiyyətli dərəcədə artıb. Bir sıra ali təhsil müəssisələrində kibertəhlükəsizlik ixtisası üzrə proqramlar yaradılıb, mövcud proqramlar isə təkmilləşdirilərək əmək bazarının tələblərinə uyğunlaşdırılıb. Beləliklə, gənclər arasında bu sahəyə olan maraq dövlətin atdığı strateji addımlarla uzlaşdırılır və ölkəmizdə müasir kibertəhlükəsizlik ekosisteminin gələcəyi gücləndirilir".

Nazir müavini xatırladıb ki, 2023-cü ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edərkən ölkənin strateji hədəflərindən birini əsas götürüblər- kibertəhlükəsizlik sahəsində Azərbaycanı güclü kadr potensialı ilə təmin etmək: "Bu gün əminliklə deyə bilərik ki, Mərkəz son bir neçə ildə bu missiyanın öhdəsindən layiqincə gəlib: 380 nəfər Mərkəzdən məzun olub və onların 74 faizi işlə təmin edilib. Məzunlar həm özəl sektor, həm də dövlət qurumlarında müvafiq bölmələrdə karyeralarını uğurla davam etdirməklə ölkəmizin təhlükəsiz rəqəmsal gələcəyinə mühüm töhfələr verirlər.

Bununla yanaşı, AKM tələbələri üçün İKT üzrə nüfuzlu beynəlxalq sertifikatlaşdırma platforması olan CompTIA təlimlərindən faydalanmaq imkanı da yaradılıb. Artıq 100 tələbə beynəlxalq imtahana tam hazırdır. Onlardan 25 nəfəri sertifikatı əldə edib, 75 nəfər isə sınaq imtahanını uğurla tamamlayaraq əsas imtahan mərhələsinə vəsiqə qazanıb. Bu da onu göstərir ki, AKM öz tələbə və məzunlarında daimi öyrənmə, bilikləri qabaqcıl beynəlxalq təcrübə ilə təkmilləşdirmə mədəniyyəti yaradır, çünki kibertəhlükəsizlik hər an dəyişən, daim inkişafda olan sahədir".

Nazir müavini vurğulayıb ki, mərkəz kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssis və təlimçilər yetişdirməklə yanaşı, yerli kibertəhlükəsizlik məhsullarının yaradılması istiqamətində də fəaliyyət göstərir: "Mərkəzin “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir. “Cypho” adlı ilk yerli kibertəhlükəsizlik məhsulumuz artıq bir neçə dövlət qurumunda və banklarda tətbiq olunur.
Digər startap “Awero”dur. Bu startap 3-cü dalğa məzunların sayəsində ərsəyə gəlib. Startapın əsas missiyası süni intellekt texnologiyasını da tətbiq etməklə kibertəhlükəsizlik sahəsində təlimlər keçirmək və maarifləndirmə fəaliyyətinш gücləndirməkdir.

Bütün bunlar ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına əhəmiyyətli töhfələr verir".

S. Mɛmmədov qeyd edib ki, Azərbaycanın kibertəhlükəsizlik üzrə kadr potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Rəqəmsal cəmiyyət quruculuğunda informasiya təhlükəsizliyini təmin etmək məqsədilə yüksəkixtisaslı, çevik düşüncəli və beynəlxalq təcrübəyə bələd olan mütəxəssislərə ehtiyac daha da artmaqdadır. Dövlət səviyyəsində qəbul edilən strateji yanaşmalar və atılan əməli addımlar da sübut edir ki, kibertəhlükəsizlik üzrə insan kapitalının inkişafı təkcə texnologiyanın öyrənilməsi ilə məhdudlaşmır, həm də milli təhlükəsizliyimizin ayrılmaz hissəsinə çevrilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti