...

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 30 İyul 2025 10:10 (UTC +04:00)
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü keçirilib.

Trend xəbər verir ki, mərkəzin 5-ci dalğası üzrə 100 tələbə məzun olub.

Tədbirdə nazir müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və digər nümayəndələr iştirak ediblər.

İlk növbədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günündə çıxışı zamanı qeyd edib ki, kibertəhlükəsizliyin həm qlobal miqyasda, həm də ölkəmiz üçün aktuallığı durmadan artır. Sürətli rəqəmsallaşma mühitində kibertəhdidlər mütənasib olaraq çoxalır, yeni daha mürəkkəb kibercinayət növləri yayılır. Dünya üzrə kibercinayətkarlığın iqtisadiyyata, dövlətə və cəmiyyətə vurduğu zərər trilyon dollarlarla hesablanır.

O bildirib ki, “Statista” platformasının hesablamalarına görə, kibercinayətkarlığın ümumi zərəri 2025-ci ildə 10 trilyon dollar civarında proqnozlaşdırılır: "Bu göstəricinin 2029-cu ilə qədər 16 trilyon dollara yüksələcəyi ehtimal edilir.
Kibercinayətkarlar həm özəl, həm də dövlət sektorunu hədəf ala bilər. Bu o deməkdir ki, heç bir qurum kiberhücumlardan 100% sığortalanmayıb. Məhz buna görə də şirkətlərdə, dövlət qurumlarında və xüsusilə də ölkəmiz üçün kritik önəm təşkil edən müəssisələrdə kibertəhlükəsizlik üzrə müvafiq insan kapitalının, eləcə də lisenziyalı proqram təminatlarının və antivirus proqramlarının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir".

Nazir müavini qeyd edib ki, kibertəhdidlər Azərbaycandan da yan keçmir: "Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması bu baxımdan milli təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib və dövlət rəhbərliyi səviyyəsində müvafiq strateji yanaşma formalaşıb. Belə ki, 2023-cü il avqustun 28-də cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edilib.

Strategiyadan irəli gələn yanaşma çərçivəsində görülən işlər Qlobal Kibertəhlükəsizlik İndeksinin 2024-cü il üçün açıqladığı hesabatda ölkəmizin mühüm irəliləyiş əldə etdiyini göstərir. Azərbaycan reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 (doxsan üç tam yüzdə yetmiş altı) xal toplayaraq “təkmil səviyyə”də qərarlaşıb. Beləliklə, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyətin ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verdiyinin şahidi oluruq".

Daha sonra İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında əlavə edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıqların daha da genişləndirilməsi, eləcə də kiber klubların fəaliyyətinə dəstək göstərilməsi planlaşdırılır.

O bildirib ki, rəqəmsallaşan dünyada artıq gündəlik həyatın, demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edilir — mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri və müxtəlif platformalar bu prosesin ayrılmaz hissəsinə çevrilib: "Bu texnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daha rahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasında mühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi bu üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır. Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi önəm verməsi son dərəcə vacibdir".

"Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyini vurğulayan sədr 2023-cü il avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın tədbirlər planında informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması, insidentlərin monitorinqi, süni intellektin tətbiq sahələrinin genişləndirilməsi və fərdi məlumatların qorunması kimi vacib istiqamətlərin yer aldığını diqqətə çatdırıb: "Strategiyada xüsusi diqqət yetirilən sahələrdən biri də ixtisaslı kadr potensialının inkişafıdır. Bundan əlavə, cari ilin yanvar ayında təsdiqlənən Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində də rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişafın təmin olunması məqsədilə kadr potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə əhalinin rəqəmsal savadlılığının və kiberməlumatlılığının artırılması, müasir İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, müxtəlif təlim proqramlarının təşkili, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə kadr potensialının inkişaf etdirilməsi nəzərdə tutulur".

İsrailin “Technion” Texnologiya İnstitutunun Baş direktoru Moti Yeger isə qeyd edib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin imkanlarının gələcək illərdə daha da genişlənəcəyinə ümid edirik.

O, əvvəlcə İsrailin “Technion” Texnologiya İnstitutunun yeni Baş direktoru kimi hər iki ölkə üçün əhəmiyyətli olan bu tədbirdə iştirak etməyin böyük şərəf olduğunu bildirib: "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutu tərəfindən birgə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi artıq 380 kibertəhlükəsizlik mütəxəssisi yetişdirib. Hər qrupda 100 nəfər məzun yer alır və onların bir çoxu bu gün Azərbaycanın böyüyən kiberekosistemində əsas vəzifələrdə çalışırlar.

Sürətli texnoloji dəyişiklik dövründə yaşadığımızı vurğulayan direktor qeyd edib ki, süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik sürətlə inkişaf edir: "Bu alətlər böyük imkanlar təqdim edir, lakin onları ehtiyatla və məsuliyyətlə istifadə etmək lazımdır.

"Technionda biz inanırıq ki, bilik açıq olmalıdır, lakin onun istifadəsi müdrik şəkildə həyata keçirilməlidir.
Buna görə də biz diqqətimizi bacarıqlı peşəkarların hazırlanmasına yönəldirik. Onlar bizim hamımızın güvəndiyi rəqəmsal dünyanı qoruya bilərlər".

"İsrail və Azərbaycan arasındakı əlaqə bizim üçün həm strateji, həm də dostcasına bir münasibətdir. Biz birlikdə çalışmaqdan qürur duyuruq, ümid və inamla bu proqramın gələcək illərdə genişlənəcəyinə inanırıq", - deyə M. Yeger fikrini tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutu tərəfindən birgə təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti