...

Azərbaycanda istilik təchizatı xidmətinin tarifləri müəyyənləşib

Gündəm Materials 30 İyul 2025 14:53 (UTC +04:00)
Azərbaycanda istilik təchizatı xidmətinin tarifləri müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif (qiymət) Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi tənzimlənib.

Şuradan Trend-ə verilən məlumata görə, “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilmiş istilik təchizatı xidmətinin maya dəyəri 1 m² sahə üçün aylıq 1,10 manat təşkil edir.

“Lakin bu sahə üzrə mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Qeyd edək ki, hazırda alternativ isitmə variantlarından istifadə edən əhalinin 1 m² sahənin 1 aylıq xərci isitmə növlərindən asılı olaraq, 1 manata qədər dəyişir”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat” ASC-nin dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaq.

Bildirilib ki, yeni tarif müəyyənləşdirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, istehlakçıların alıcılıq qabiliyyəti, istehsal və xidmət şərtləri, alternativ isitmə sistemlərinin mövcudluğu, enerji resursların daha səmərəli istifadə imkanları, qiymət amilinin istiqamətləndirici və məhdudlaşdırıcı təsirindən istifadə kimi əsas prinsipləri nəzərə alınıb.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarına uyğun olaraq, dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcək.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2005-ci il tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti