...

İRİA kibertəhlükəsizlik istiqamətində daha bir neçə universitetlərin və kiber klubların fəaliyyətinə dəstək göstərəcək

İqtisadiyyat Materials 30 İyul 2025 10:40 (UTC +04:00)
İRİA kibertəhlükəsizlik istiqamətində daha bir neçə universitetlərin və kiber klubların fəaliyyətinə dəstək göstərəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıqların daha da genişləndirilməsi, eləcə də kiber klubların fəaliyyətinə dəstək göstərilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günündə çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmsallaşan dünyada artıq gündəlik həyatın, demək olar ki, hər anında rəqəmsal sistemlərdən istifadə edilir — mobil telefonlar, naviqasiya proqramları, ödəniş sistemləri və müxtəlif platformalar bu prosesin ayrılmaz hissəsinə çevrilib: "Bu texnologiyaların həyatımıza daxil olması gündəlik işlərimizi daha rahat və səmərəli edir, vaxt və resurslarımızın idarə olunmasında mühüm rol oynayır. Lakin rəqəmsal inkişafın gətirdiyi bu üstünlüklərlə yanaşı, müəyyən risk və təhlükələr də meydana çıxır. Məhz buna görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin rəqəmsal transformasiyanın davamlı və təhlükəsiz şəkildə reallaşması üçün kibertəhlükəsizlik məsələlərinə xüsusi önəm verməsi son dərəcə vacibdir".

Hazırda Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyini vurğulayan sədr 2023-cü il avqustun 28-də Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın tədbirlər planında informasiya təhlükəsizliyi riskləri reyestrinin yaradılması, insidentlərin monitorinqi, süni intellektin tətbiq sahələrinin genişləndirilməsi və fərdi məlumatların qorunması kimi vacib istiqamətlərin yer aldığını diqqətə çatdırıb: "Strategiyada xüsusi diqqət yetirilən sahələrdən biri də ixtisaslı kadr potensialının inkişafıdır. Bundan əlavə, cari ilin yanvar ayında təsdiqlənən Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində də rəqəmsal cəmiyyətə keçid və rəqəmsal inkişafın təmin olunması məqsədilə kadr potensialının gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə əhalinin rəqəmsal savadlılığının və kiberməlumatlılığının artırılması, müasir İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, müxtəlif təlim proqramlarının təşkili, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlıq yolu ilə kadr potensialının inkişaf etdirilməsi nəzərdə tutulur".

F. Osmanov xatırladıb ki, 2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İsrailin "Technion" Texnologiya İnstitutunun birgə əməkdaşlığı və PASHA Holding-in dəstəyi ilə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi də qeyd edilən istiqamətlərin inkişafına töhfə verən işlərini davam etdirir: "Mərkəz, həmçinin “CyberCollab” layihəsi çərçivəsində dövlət qurumları və özəl sektorun İKT üzrə rəhbər şəxsləri üçün süni intellekt və kibertəhüləsizlik mövzusunda təlimlər keçirir. Bu təlimlərin önəmi çox böyükdür. Bəzi beynəlxalq araşdırmalara görə, artan kibertəhdidlərin bir çoxu məhz süni intellekt vasitəsilə yaradılır və bu texnologiyanın xüsusiyyətlərinə dərindən bələd olmaq kibertəhlükəsizlik ekspertləri üçün olduqca əhəmiyyətlidir".

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 5-ci dalğası üzrə 100 tələbənin məzun olduğunu bildirən sədr onlardan 20 nəfərin "Red team", 40 nəfərin "Blue team" və 40 nəfərin "Purple team" məzunları olduğunu qeyd edib: "Onu da xüsusi ilə vurğulamaq istərdim ki, Purple team təlimləri ölkədə ilk dəfə məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində baş tutub. Bu ilin oktyabr ayında növbəti 40 nəfər mütəxəssis üçün sözügedən təlimlər planlaşdırılır.

Məzunlarımıza tədris boyunca “Technion”un peşəkər müəllim heyəti tərəfindən həm nəzəri, həm də praktiki biliklər aşılandı. 5-ci dalğa çərçivəsində müxtəlif növ master-klasslar, yarışlar və hakatonlar keçirildi. Bütün bu tədbirlər tələbələrə kibertəhlükəsizlik sahəsində praktiki bacarıqlar əldə etmək, analitik və tənqidi düşünmə qabiliyyətlərini inkişaf etdirmək, komanda ilə işləməyi öyrənmək, peşəkar şəbəkə qurmaq baxımından mühüm töhfə vermiş oldu.

Qeyd edim ki, Mərkəz bugünədək 380 məzun yetişdirib, hazırda isə 60 yeni tələbə təlimlərə başlayıb".

Mərkəzdən məzun olan gənclərin uğurla iş tapıdığını və peşəkar fəaliyyətə başladığını vurğulayan sədr qeyd edib ki, tələbələrin əmək bazarına daha yaxşı hazırlaşmaları üçün Mərkəzdə insan resursları mütəxəssisləri tərəfindən karyera inkişafı yönündə təlimlər təşkil olunur və onların iş mühitinə inteqrasiyası təşviq edilir: "Eyni zamanda, tələbələrin real iş proseslərini yaxından tanımaları üçün müxtəlif müəssisələrə ziyarətlər təşkil olunur. Bu kimi addımların nəticəsi olaraq, ilk 4 dalğa üzrə məzunların 74%-i sahələrinə uyğun şəkildə işlə təmin olunub. Onlar hazırda həm özəl, həm də dövlət sektorlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. İlk dəfədir ki, 5-ci dalğa tələbələrin 28 faizi tədris müddətinin 5-ci ayında artıq iş təklifləri alıb. Bu da onu göstərir ki, tədris tamamlanmamışdan əvvəl tələbələrin təxminən 30 faizi əmək bazarına uğurla daxil olub".

F. Osmanov bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə “Beyin Mərkəzi” layihəsi çərçivəsində peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb: "Layihənin əsas məqsədi ölkədə kibertəhlükəsizlik sahəsində insan kapitalını gücləndirmək, gənclərin həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını artırmaqdır.

Artıq bu istiqamətdə mühüm addımlar atılıb: iki yeni fənn müvafiq tədris proqramlarına əlavə olunub, tələbələr üçün seminarlar, təlimlər və vörkşoplar təşkil edilib.

Bu çərçivədə bir sıra peşə və ali təhsil müəssisələri ilə əməkdaşlıq uğurla davam etdirilir. Məsələn, Azərbaycan Texniki Universitetinin SABAH qruplarının magistr tələbələrinə “Rəqəmsal Ekspertiza” fənni tədris olunur. Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələrinə isə kibertəhlükəsizlik fənninin əsasları öyrədilir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əldə edilən razılaşmaya əsasən 2025-2026-cı tədris ilindən etibarən informasiya təhlükəsizliyi fənninin tədrisi həyata keçiriləcəkdir. Mingəçevir Dövlət Universiteti ilə razılaşdırılmış formatda isə Kibertəhlükəsizlik üzrə bir fənnin hibrid formada tədrisi planlaşdırılıb".

"Bundan əlavə, Milli Müdafiə Universiteti, Bakı Mühəndislik Universiteti ilə də əməkdaşlıq istiqamətləri üzrə praktiki vörkşopların keçirilməsi, masterklassların təşkil olunması nəzərdə tutulub.

Gələcək mərhələdə Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, ADA Universiteti, İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində əməkdaşlıqların daha da genişləndirilməsi, eləcə də kiber klubların fəaliyyətinə dəstək göstərilməsi planlaşdırılır", - deyə sədr fikirlərini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti