Bakı. Trend:
Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bölgədə sunami təhlükəsi elan olunub və əhali təxliyə edilir.
Fövqəladə hallar xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, vəziyyət tam nəzarət altındadır.
Əhalinin təhlükəsizliyini təmin etmək və bölgədə normal həyat şəraitini bərpa etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilir. Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına əsasən, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr uzaqlıqda yerləşib.
Zəlzələ nəticəsində Petropavlovsk-Kamçatskidə yerləşən 15 saylı uşaq bağçasının divarlarından biri uçub. Eyni zamanda Yaponiya və ABŞ-da da sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə yönələn sunami dalğalarının hündürlüyü 3 metrə çatacaq. Sahilyanı ərazilərdə yaşayan insanlar dərhal təxliyəyə çağırılıb. İlk sunami dalğalarının yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.
Sunami təhlükəsi səbəbilə Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkəti “Fukusima-1” Atom Elektrik Stansiyasından təmizlənmiş suyun axıdılması prosesinin növbəti mərhələsini dayandırıb. Stansiya işçiləri də təhlükəsizlik məqsədilə təxliyə edilib. Qeyd olunub ki, bu, ölkədə sunami təhlükəsi elan olunduğu hallarda tətbiq edilən standart prosedurdur. “Fukusima-1” AES Sakit okean sahilində yerləşir.
ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) Kamçatkada baş verən zəlzələyə görə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb. Kamçatkanın Yelizovski rayonunda, “Vodopadnaya” meteoroloji stansiyasının yaxınlığında dalğaların hündürlüyü 3–4 metr olan sunami müşahidə olunub.