Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) ən böyük hədəflərindən biri Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədə də böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğul olur. Təxminən 100 çeşiddən çox məhsul xarici bazara satılır.
Bu sözləri Trend-ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi
Elçin Kazımov bildirib.
O, müsahibəsində Azərbaycanda mövcud 13 sənaye zonasında indiyədək
əldə edilən uğurlar, qarşıya qoyulan hədəflər, yerli və xarici
investorlar üçün mümkün xüsusi güzəştlərin tətbiqi imkanları, eləcə
də agentliyin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət
istiqamətinin şaxələndirilməsi ilə bağlı sualları
cavablandırıb.
Qurum sözçüsü əvvəlcə agentliyin tabeliyində olan sənaye zonalarında görülən işlərdən və orta müddətli dövr üçün hədəflərdən danışıb. O bildirib ki, son dövrlərdə Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir: “Sənaye zonaları ölkəmizdə sahibkarların investisiya yatırmaları baxımından ən əlverişli investisiya məkanıdır. Dövlət tərəfindən sahibkarlar üçün bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda 13 sənaye zonası fəaliyyət göstərir. Bunlardan 9-u sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı, Balaxanı, Hacıqabul, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) 4-ü isə sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad, Şərur sənaye məhəllələri) statusundadır.
13 sənaye zonasından 11-nin (Balaxanı Sənaye Parkı və Şərur Sənaye Məhəlləsi istisna olmaqla) idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Sənaye zonaları yaradıldığı müddətdən etibarən qeyri-neft sənayesinin inkişaf etdirilməsinə, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsinə müsbət təsir göstərməyə başlayıb. Bu uğurlu nəticələri yeni növ məhsulların istehsalına başlanılmasında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac imkanlarının genişləndirilməsində görə bilərik”.
E. Kazımov vurğulayıb ki, artıq Azərbaycanın sənaye məhsullarının
dünyanın 70-dən çox ölkəsində “Made in Azerbaijan” brendi adı
altında satışı həyata keçirilir: “İxrac ölkələrimizin sayında hər
il artım müşahidə edilir. Məsələn, ötən il sənaye zonalarında
istehsal edilən məhsulların ilk dəfə olaraq Cənubi Afrika, Yəmən,
Argentina və s. ölkələrə ixracına başlanıldı. Həmçinin 2024-cü ildə
sənaye zonalarında istehsal edilən yeni növdə məhsulların da ilk
dəfə ixracı həyata keçirilib. Misal üçün qeyd edim ki, Azərbaycan
ilk dəfə olaraq ötən il elektrod, divar kağızlarının, müxtəlif növ
ayaqqabıların və s. məhsulların ixracına başladı. Belə ki, əvvəllər
ölkəmizdə bu növ məhsullara olan tələbat idxal hesabına
ödənilirdisə, artıq sənaye zonalarımızda istehsal hesabına
Azərbaycan bu məhsulların ixracatçısına çevrilib. Bu da ölkəmizdən
valyuta çıxmasının qarşısını almağa, ixrac imkanlarımızın
genişləndirməsinə təkan verir”.
Gəncə ətrafı bölgədə yeni sənaye parkının yaradılması
nəzərdə tutulur
E. Kazımov bəzi statistik göstəriciləri diqqətə çatdırıb: “Sənaye
zonalarında ilk məhsul istehsalına 2015-ci ilin sonlarından
Sumqayıt Kimya Sənaye Parkında başlanılıb. 2015-ci ildən 2025-ci
ilin I yarısı daxil olmaqla sənaye zonalarında 17,2 milyard
manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard
manatlıq hissəsi ixrac edilib. 2025-ci ilin I yarısı ərzində sənaye
zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun da
təxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür. Ötən
ilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4%
artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard
manatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi iş
yeri yaradılıb”.
“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonaları
iqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır.
Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısının
səlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədə
yeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, - E. Kazımov
qeyd edib.
Bu il sənaye zonalarında bir neçə müəssisənin
fəaliyyətə başlaması planlaşdırılır
Agentliyin sözçüsü sənaye zonalarında hər il yeni müəssisələrin
fəaliyyətə başladığını, bu müəssisələrin çoxunun açılışında dövlət
başçısının iştirak etdiyini xüsusi vurğulayıb: “Yeni müəssisələrin
açılması yeni məhsul istehsalına, ixracına başlanılması, iş
yerlərinin yaradılması deməkdir. Sənaye zonalarında istehsal olunan
məhsullar ilkin olaraq daxili təlabatın ödənilməsinə yönəldilir,
daxili təlabat tam ödənildikdən sonra növbəti ixrac edilməsi
istiqamətində işlər görülür. Qeyd edim ki, cari ildə dövlət
başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı
olmuş tikinti kimyəviləri zavodu, həmçinin Ağdam Sənaye Parkında
fəaliyyətə başlamış tütün məmulatlarının istehsalı müəssisəsi artıq
ixrac istiqamətinə uğurlar əldə ediblər. Belə ki, tikinti
kimyəvilərin Özbəkistana, tütün məmulatlarının isə İraqa,
Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistana ixracı həyata
keçirilib.
Yəni qısa müddətin keçməsinə baxmayaraq fəaliyyətə başlayan yeni
müəssisələr öz məhsullarını xaricə satmağa başlayıb. Həmçinin
işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye
parklarında istehsal edilən məhsulların bir neçə ölkələrə ixracı
istiqamətində uğurlar əldə edilib. Sevindirici və qürurverici
haldır ki, Ağdamda istehsal edilən məhsullar artıq xarici ölkələrə
satılır”.
E. Kazımov təmsil etdiyi agentliyin ən böyük hədəflərindən birini
də açıqlayıb: “İZİA-nın ən böyük hədəflərindən biri sənaye
zonalarımızda sahibkarlar üçün əlverişli investisiya mühiti
formalaşdırmaq, qeyri-neft sənayesinin inkişafında xüsusi çəkimizi
artırmaq, əhalinin məşğulluq səviyyəsini genişləndirmək, həmçinin
Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədə
də böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərən
müəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğul
olur. Təqribən 100 çeşiddən çox məhsul xarici bazara satılır.
Bu il həmçinin sənaye zonalarında bir neçə müəssisənin
fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq
müəssisələr elektron avtomat və sayğacların, alüminium təbəqəli
vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının
qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının
təkrar emalı ilə baza yağlarının, dekorativ daşların, yapışqan
lentlərin və s. yeni məhsulların istehsalı ilə məşğul
olacaqlar”.
Sənaye zonalarında yeni güzəştlər yaranarsa, bundan həm
yerli, həm də xarici sahibkarlar bərabər şəkildə faydalana
biləcəklər
Qurumun sözçüsü sənaye zonalarında sahibkarlar üçün yaradılan
investisiya imkanlarından yerli və xarici sahibkarların bərabər
şəkildə faydalandıqlarını qeyd edib: “Məlumat üçün bildirim ki,
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye
zonalarında hazırda 15-dən çox xarici kapitallı şirkət rezident
kimi qeydiyyatdan keçib. İsveçrə, BƏƏ, Tailand, Çin, Pakistan,
Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və s.
ölkələrdən olan şirkətlər tərəfindən sənaye zonalarında tikinti
kimyəvi vasitələrinin, keramik plitələrin, mühərrik və sənaye
yağlarının təkrar emalı ilə baza yağlarının, kalium sulfatın
(gübrə), elektrik avtomat və sayğaclarının, dəri və dəri
məmulatlarının, tava və qazan məhsullarının, bioloji aktiv qida
əlavələrinin və dərman vasitələrinin, avtomobil və s. məhsulların
istehsalı sahələri üzrə ixtisaslaşıblar.
Hələ ki yeni güzəştlərin yaradılması istiqamətinə konkret bir məsələ müəyyən edilməyib. Amma yeni güzəştlər yaranarsa, bundan yerli sahibkarlarla yanaşı, xarici sahibkarlar da bərabər şəkildə faydalana biləcəklər”.
Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında
infrastruktur işlərinin görülməsinə başlanılacaq
E. Kazımov yeni yaradılmış Naxçıvan Sənaye Parkı üzrə görüləcək
işləri də sadalayıb: “Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli
Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb.
İlkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri
müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi,
tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının,
maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq,
geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız
məmulatlarının istehsalı nəzərdə tutulur. Yaxın vaxtlarda sənaye
Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Həmçinin
sahibkarların müraciətlərinin qəbulu həyata keçiriləcək. Naxçıvan
Sənaye Parkının fəaliyyətə başlaması bu bölgədə yaşayan əhalinin
məşğulluq səviyyəsinin yüksəlməsinə, məhsul çeşidlərimizin sayının
artmasına, regionda iqtisadi inkişafın sürətlənməsinə, ən əsası isə
xammal ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcək”.
Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət
göstərən sənaye parklarında İZİA-nın inzibati binalarının açılışı
həyata keçiriləcək
E. Kazımov Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət
göstərən sənaye zonalarında əldə olunan nəticələr, eləcə də yaxın
dövr üzrə yeniliklərlə bağlı bunları qeyd edib: “Məlum olduğu kimi
işğaldan azad edilmiş ərazilərimizdə iki sənaye parkı fəaliyyət
göstərir. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri Cəbrayıl
rayonunda yerləşən “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkıdır.
Hazırda bu iki sənaye parkında ümumilikdə 48 sahibkarlıq subyekti
rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan
keçib.
Görülən işlərə 175 milyon manatdan çox investisiya yatırılıb, 1000
nəfərdən artıq daimi iş yeri yaradılıb.
Hazırda bu sözügedən sənaye zonalarında 14 müəssisə fəaliyyət
göstərir. 2024-cü ilin sentyabrın sonlarından 2025-ci ilin I yarısı
daxil olmaqla bu müəssisələr tərəfindən 476 milyon manatlıq məhsul
istehsalı həyata keçirilib. Hazırda Ağdam və “Araz Vadisi iqtisadi
Zonası” Sənaye Parkında ümumilikdə 10-dan çox müəssisənin tikintisi
istiqamətində işlər davam etdirilir, 20-dən çox müəssisədə isə
layihələndirmə işləri görülür.
Bu il bu sözügedən sənaye parklarında dekorativ daşların, tütün məmulatlarının, müxtəlif yapışqan lentlərin və s. müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır. Həmçinin bu sənaye parklarında İZİA-nın inzibati binalarının açılışı həyata keçiriləcək ki, bu mərkəzlərdə sahibkarlara bankçılıq, vergi, gömrük, sosial və s. sahələrdə dəstək tədbirləri göstəriləcək”.
“Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının
rezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən (10-a
yaxın layihə) layihəyə İqtisadi Zonaların İnkişafı Agentliyində
baxılır, yaxın vaxtlarda bu sənaye zonalarında rezident və
qeyri-rezident sayında artımın olmasına şahid olacağıq.
Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci böyük park hesab edilir. Sözügedən sənaye parkının 70 faizdən çox hissəsi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə 30 faizdən çoxu sahibkarların istifadəsinə verilib”, - deyə E. Kazımov fikirlərini yekunlaşdırıb.