Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələrə (Bundesver) məxsus helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfərin öldüyünü və bir nəfərin itkin düşdüyünü açıqlayıb.
Trend xəbər verir ki, nazir bu barədə hadisə yerinə baş çəkdikdən sonra məlumat verib.
Hərbi Hava Qüvvələrindən həlak olan və itkin düşənlərin şəxsiyyəti barədə ətraflı məlumat verilməsə də, onların təcrübəli ekipaj olduğu bildirilib.
Qeyd edək ki, təlim uçuşu yerinə yetirən helikopterlə səhər saatlarında əlaqə itib. Bir qədər sonra isə Mulde çayında qayıqla hərəkət edən insanlar helikopterin qalıqlarını aşkar edərək polisə xəbər veriblər. Dərhal hadisə yeri əhatəyə alınıb, əraziyə giriş məhdudlaşdırılıb, bölgədə uçuş qadağası elan olunub.
Qəzanın baş verdiyi əraziyə 100-dən çox xilasedici, yanğınsöndürən, polis, Bundesver qüvvələri və digər müvafiq qurumların əməkdaşları cəlb olunub. Hadisənin səbəbi ilə bağlı hələlik məlumat verilməyib.