Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyətli şəxslərə dəstək məqsədi daşıyan daha bir inklüziv layihəni gerçəkləşdirib. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edərək, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyasını yerinə yetirir.
Xidmətin mahiyyəti belədir: vətəndaş videozəng və ya mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator tərcüməçi funksiyasını yerinə yetirərək, müraciətin istiqamətinə uyğun üçüncü tərəflə əlaqə yaradır və surdotərcümə vasitəsilə onlayn kommunikasiyanı yaradır.
Xidmətdən yararlanmaq üçün 055 213 19 97 əlaqə nömrəsinə vatsap və ya Teleqram platforması vasitəsilə müraciət etmək olar.
Vətəndaşlar xidmətdən hər həftənin bazar günü istisna olmaqla, həftənin 6 günü saat 9:00-dan 16:00-dək yararlana bilərlər.
Surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyəti olan şəxslərə müxtəlif istiqamətlərdə müraciətlərini aidiyyəti tərəflərə düzgün və rahat şəkildə çatdırmaq imkanı yaradır.
Layihə inklüziv mühitin dəstəklənməsi, eşitmə və nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətin digər üzvləri arasında sosial ünsiyyət maneələrinin aradan qaldırılması, informasiya mübadiləsinin təmin edilməsi məqsədi daşıyır.