Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Hava Limanı enerji, tullantıların səmərəli idarə edilməsi və enerjidən istifadənin azaldılması istiqamətlərində fəaliyyətini davam etdirəcək.
Trend xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov COP29 çərçivəsində jurnalistlərə deyib.
"Bu gün COP29 tədbiri çərçivəsində beynəlxalq ictimaiyyətə dekarbonizasiya sahəsində liderliyimizi təqdim etdik. Məlum olduğu kimi, dekarbonizasiya artıq seçim deyil, qlobal tələbata çevrilib. Əlbəttə ki, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmirik və alternativ enerji, tullantıların səmərəli idarə edilməsi və enerjidən istifadənin azaldılması istiqamətində işimizi davam etdiririk", - deyə o bildirib.
T.Həsənov qeyd edib ki, məqsəd qlobal dayanıqlı inkişafa real töhfə verməkdir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.