Bakı. Trend:
Karbon neytrallığına nail olmaq üçün dərhal həyata keçirilə biləcək effektivliyi artıran tədbirlər tətbiq olunmalıdır.
Trend xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışında bildirib.
"Əsas olan praqmatizm və hərəkətdir. 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq yolumuz bir marafondur, sprint deyil, və bu gün başlanmalıdır. Vacib olan dərhal həyata keçirilə biləcək effektivliyi artıran tədbirlərdir.
Məsələn, COP29-dan əvvəl biz FIA ilə birlikdə 5 min avtobus, marşrut və taksi sürücüsünə karbon emissiyalarını 15 faiz azaltmaq üçün təlim keçdik. Bu, 2050-ci ilə qədər gözləmək əvəzinə indi necə hərəkət etməyin bir nümunəsidir. Özümüzə sual verməliyik: bu gün nə edə bilərik? Məsələn, şəhərlərdə avtobusların üzərində tez-tez yazılır ki, bir avtobus 30 avtomobili əvəz edir. Necə edə bilərik ki, avtobuslar və marşrutlar o qədər rahat və cəlbedici olsun ki, insanlar kütləvi şəkildə onlara keçsinlər? Üstəlik, onlar hər sərnişin-kilometrə görə karbon emissiyalarını 81 faiz azaldır və ən təhlükəsiz nəqliyyat növüdür", - deyə o bildirib.
Onun sözlərinə görə, maliyyələşdirməyə də diqqət yetirilməlidir.
"Avtobuslara və marşrutlara sərmayə qoymaq dəmir yollarına yatırılan sərmayədən 10 dəfə ucuz başa gəlir. Əlbəttə, dəmir yolları da vacibdir, lakin sürətli və çevik alternativə ehtiyac varsa, avtobuslar və marşrutlar insanları avtomobillərdən çıxarmaq üçün ideal variantdır. Şəhər daxilində yükdaşımalarla bağlı olaraq, İTF-in məlumatlarına görə, ekoloji yük maşınlarının (EcoTrucks) istifadəsi karbon emissiyalarını 30 faiz azaltmağa imkan verir. Bu həll artıq mövcuddur və aktiv şəkildə istifadə olunmalıdır. Beləliklə, sürücülərin təlimi və EcoTrucks tətbiqi sayəsində biz artıq emissiyaları 45 faiz azalda bilərik", - deyə Umberto de Pretto əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.