Bakı. Trend:
Azərbaycan bu gün çox mötəbər və önəmli tədbir olan COP29-a ev sahibliyi edir.
Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, COP29-da infrastruktur və nəqliyyat sahəsində görülən işlər barədə müzakirələr aparılır.
“COP29-u yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür edirəm.
COP29-da iqlim dəyişikliyindən bəhs edirik. Biz də infrastruktur və nəqliyyat sahəsində Türkiyədə və dünyada görülən işləri bölüşürük. Emissiyaların azaldılması məqsədilə Türkiyədə tədbirlər həyata keçirilir.
COP29 vasitəsilə Azərbaycanda olmaqdan məmnunam. Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra belə bir böyük tədbirə ev sahibliyi edir. Tədbirin təşkili yüksək səviyyədədir. Belə bir təşkilatçılığa görə təşəkkür edirəm", - deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.