Bakı. Trend:
Bu gün Novruz və Ramazan bayramları ilə əlaqədar istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günüdür.
Trend Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.
Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayıb.
Xatırladaq ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunur.
Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılır.
28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edir.
Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq.
Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla)
ölkədə ardıcıl 11 gün qeyri-iş günüdür.
