Bakı. Trend:
Xəbər verdiyimiz kimi, martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyiti aşkar edilib.
Ağsu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə üzrə saxlanılan şəxslər həbs ediliblər.
Bildirilib ki, aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
