Bakı. Trend:
İsrail ordusu Livanın cənubunda həyata keçirilən hava zərbəsi nəticəsində “Hizbullah”la əlaqəli jurnalist Əli Şueybin öldürüldüyünü təsdiqləyib və onun təşkilatın elit “Radvan” qüvvəsinin üzvü olduğu üçün hədəf alındığını açıqlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
IDF-in məlumatına görə, Şueyb “Radvan” qüvvəsinin kəşfiyyat bölməsində fəaliyyət göstərib, eyni zamanda “Hizbullah”a bağlı “Al-Manar” telekanalında jurnalist kimi çalışıb.
"Şueyb “Al-Manar" şəbəkəsində jurnalist adı altında "Hizbullah" terror təşkilatında fəaliyyət göstərib, Livanın cənubunda və sərhəd boyunca fəaliyyət göstərən IDF hərbçilərinin mövqelərini mütəmadi olaraq ifşa etməyə çalışıb və xüsusilə "Radvan" qüvvəsinin digər üzvləri ilə, eləcə də ümumilikdə təşkilat daxilində digər şəxslərlə daimi əlaqə saxlayıb”, - deyə əlavə edilib.
Ordunun açıqlamasına görə, İranla davam edən müharibə zamanı da Şueyb fəaliyyətini davam etdirib və Livanın cənubunda fəaliyyət göstərən IDF qüvvələrinin mövqeləri barədə məlumat verib.
IDF əlavə edib ki, Şueyb həmçinin “IDF hərbçilərinə və İsrail mülki vətəndaşlarına qarşı təxribat xarakterli çağırışlar edib, öz mövqeyindən istifadə edərək "Hizbullah"ın "təbliğat materiallarını yaymaq üçün vasitə olub".
Bildirilir ki, Livanın cənubundakı Cəzzin şəhərində avtomobilə endirilən zərbə nəticəsində “Al-Mayadeen” telekanalının əməkdaşı, “Hizbullah”la əlaqəli jurnalist Fatimə Ftuni də ölüb.
