Bakı. Trend:
Türkiyə hakimiyyəti “SpaceX” və “Amazon” şirkətlərinə aşağıorbitli peyk sistemlərinə çıxış parametrləri ilə bağlı məlumat verib.
Trend xəbər verir ki, Vaşinqtonda keçirilən “Satellite 2026” beynəlxalq peyk rabitəsi sərgisi və konfransında iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan ölkədə aşağıorbitli peyk sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Amerika şirkətlərinin nümayəndələrini məlumatlandırıb.
“Biz “SpaceX” və “Amazon” şirkətlərini onların sistemlərinin Türkiyədə cavab verməli olduğu qaydalar, təhlükəsizlik sahəsində tələblərimiz və digər mühüm məsələlər barədə məlumatlandırdıq”, – deyə nazir müavini bildirib.
Türkiyənin milli peyk layihələrindən danışan Sayan artıq Yer orbitində fəaliyyət göstərən TÜRKSAT 5A, TÜRKSAT 5B və TÜRKSAT 6A peyklərini xatırladıb, həmçinin yeni proqramlar üzərində işlərin davam etdirildiyini qeyd edib.
