Bakı. Trend:
İran ətrafında vəziyyətin gərginləşməsindən bəri Meksikada avtomobil yanacağının qiymətləri davamlı artım nümayiş etdirir.
Trend xəbər verir ki, bahalaşma ən çox yüksək oktanlı benzin növlərinə və dizel yanacağına təsir edib.
Belə ki, “Premium” markalı benzin və dizelin qiyməti 7 %-dən 10 %-dək artıb. Hazırda bu növ benzinin bir litri təxminən 28 pesoya (təqribən 2 manat 60 qəpik) başa gəlir. Bəzi regionlarda dizel yanacağının qiyməti isə 30 pesoya (təxminən 2 manat 80 qəpik) qədər yüksəlib.
Ölkədə ən çox tələb olunan “Magna” markalı benzinin (“Regular” analoqu) bir litri 24 pesoya (təxminən 2 manat 30 qəpik) satılır.
Meksika Energetika Nazirliyinin və “Pemex” dövlət neft şirkətinin 2025-ci il üzrə hesabatına əsasən, ölkədə benzinin ümumi istehlakı sutkada təxminən 840 min barel təşkil edib. Daxili istehsalın 22 % artaraq gündəlik orta hesabla 390 min barelə çatmasına baxmayaraq, bu həcmlər tələbatın yarısını belə ödəmək üçün kifayət etmir.
Meksika əvvəlki kimi xaricdən gündə 446 mindən 529 min barelə qədər yanacaq idxal edir ki, bu da daxili bazarın Yaxın Şərqdəki münaqişə fonunda dünya neft qiymətlərindəki dəyişkənliyə yüksək həssaslığını şərtləndirir.
