Bakı.Trend:
İntensiv yağıntılarla əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qurumdan Trend-ə verilən məlumata görə, güclü yağışlar zamanı bəzi ərazilərdə yağış sularının toplanması müşahidə olunur. Drenaj sistemlərinin olmadığı yollarda bu sular tullantı su xətlərinə yönləndirilir ki, bu da kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların ötürülməsində çətinliklərin yaranmasına səbəb olur.
Bəzi ərazilərdə isə mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Problemlərin aradan qaldırılması məqsədilə müvafiq sukanal idarələrinin qəza briqadaları həmin ərazilərə cəlb olunub və toplanan yağış sularının idarə olunması istiqamətində işlər görülür.
Eyni zamanda tullantı və yağış xətlərində mütəmadi monitorinqlər aparılır, kollektor quyuları və daşıyıcı xətlər yoxlanılır. Tutulmaların müşahidə olunduğu xətlərdə texnika vasitəsilə yuyulma işləri həyata keçirilir.
Hazırda bütün sukanal idarələrində növbəli əsasda fasiləsiz iş rejimi təşkil olunub. Suların çəkilməsi, xətlərin açılması və axının mövcud şəbəkələrə yönləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd olunur ki, görülən işlər mövcud problemlər tam aradan qaldırılanadək davam edəcək.
