Bakı. Trend:
Hər il martın 28-də Azərbaycanın təhlükəsizlik və kəşfiyyat orqanlarının əməkdaşları peşə bayramlarını böyük qürur hissi ilə qeyd edirlər. Bu tarix təkcə bir qurumun yaranma günü deyil, həm də Azərbaycan dövlətçiliyinin ən mühüm dayaqlarından birinin formalaşmasının rəmzidir. Dövlətin təhlükəsizliyi, milli maraqların qorunması, daxili sabitliyin təmin olunması və xarici təhdidlərə qarşı mübarizə bu qurumların əsas missiyasıdır. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları müasir dünyanın ən mürəkkəb çağırışlarına cavab verən peşəkar və güclü bir quruma çevrilib.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixi 1919-cu il martın 28-nə gedib çıxır. Həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti milli təhlükəsizliyin təmin olunmasının nə qədər vacib olduğunu yaxşı anlayırdı. Dövlətin yeni qurulduğu, daxili və xarici təhdidlərin çox olduğu bir şəraitdə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması strateji zərurət idi.
Bu qurumun yaradılması Azərbaycan dövlətçiliyinin nə qədər uzaqgörən siyasətə əsaslandığını göstərirdi. Çünki müstəqil dövlət üçün yalnız ordu və diplomatiya kifayət etmir, eyni zamanda təhlükəsizlik sisteminin möhkəm olması da vacibdir. Məhz həmin dövrdə formalaşdırılan təhlükəsizlik strukturları sonrakı mərhələlərdə də ölkənin müdafiə və təhlükəsizlik sisteminin əsasını təşkil etdi", - o bildirib.
Politoloqun sözlərinə görə, 1920-ci ildə Azərbaycanın müstəqilliyini itirməsi ilə təhlükəsizlik orqanlarının fəaliyyəti də dəyişdi:
"Quruluş SSRİ sisteminə daxil edildi və əsas vəzifəsi sovet rejiminin qorunması oldu. Bu dövr Azərbaycan xalqı üçün çətin və mürəkkəb bir mərhələ idi. Milli maraqların qorunması deyil, daha çox ideoloji nəzarət və sovet sisteminə uyğun fəaliyyət prioritet sayılırdı. Buna baxmayaraq, həmin dövrdə təhlükəsizlik sistemində çalışan azərbaycanlı kadrlar peşəkarlıq məktəbinin formalaşmasına mühüm töhfə verdilər. Bu təcrübə sonrakı mərhələdə – müstəqillik dövründə – müasir milli təhlükəsizlik sisteminin qurulmasına əsas rol oynadı".
"Azərbaycan təhlükəsizlik orqanlarının tarixində ən mühüm mərhələlərdən biri Ulu Öndər Heydər Əliyev ilə bağlıdır. O, təhlükəsizlik sistemində çalışdığı illərdə milli maraqlara əsaslanan yeni yanaşma formalaşdırdı. 1967-ci ildə təhlükəsizlik orqanlarına rəhbər təyin olunan Heydər Əliyev bu sahədə köklü islahatlara başladı. Onun əsas məqsədi təhlükəsizlik sisteminin milliləşdirilməsi və yerli kadrların irəli çəkilməsi idi. O dövrdə yüksək vəzifələrdə azərbaycanlıların azlıq təşkil etməsi ciddi problem idi. Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu stereotip dəyişdi və milli kadrların sayında ciddi artım baş verdi. Bu siyasət yalnız kadr dəyişikliyi ilə məhdudlaşmadı. O, təhlükəsizlik orqanlarının fəaliyyətini daha peşəkar və sistemli şəkildə təşkil etdi. Kadrların hazırlığı, intizamın gücləndirilməsi, operativ fəaliyyətin təkmilləşdirilməsi və milli maraqların qorunması onun siyasətinin əsas istiqamətlərindən biri oldu", - o bildirib.
A.Qarayev qeyd edib ki, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında ən mühüm vəzifələrdən biri milli təhlükəsizlik sisteminin yenidən qurulması idi.
"Dövlət yeni qurulmuşdu, regionda münaqişələr davam edirdi, daxili siyasi sabitlik tam təmin olunmamışdı. Belə bir şəraitdə güclü təhlükəsizlik sisteminin yaradılması həyati əhəmiyyət daşıyırdı. Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təhlükəsizlik sahəsində sistemli islahatlar başladı. Dövlət təhlükəsizliyi strukturları müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırıldı. Bu dövrdə təhlükəsizlik sisteminin əsas prioritetləri dövlət müstəqilliyinin qorunması, daxili sabitliyin təmin edilməsi və xarici təhdidlərin qarşısının alınması oldu", - o bildirib.
Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhlükəsizlik orqanları üçün peşəkar kadrların hazırlanmasını təmin edən Dövlət Təhlükəsizliyi Akademiyası yaradıldı.
"Akademiyanın yaradılması milli təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi və yerli, peşəkar kadrların yetişdirilməsi baxımından mühüm addım oldu. Bu təhsil ocağında müasir biliklərə malik, yüksək hazırlıqlı zabitlər hazırlanır və onlar dövlət təhlükəsizliyinin qorunması istiqamətində məsul vəzifələrdə fəaliyyət göstərirlər. Bu gün Akademiyanın məzunları Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif strukturlarında çalışaraq ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verirlər. Bu isə Ümumilli Lider Heydər Əliyevin təhlükəsizlik sahəsində həyata keçirdiyi uzaqgörən siyasətin real nəticələrindən biridir", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında yeni mərhələ Prezident İlham Əliyev dövrü ilə bağlıdır. Bu dövrdə təhlükəsizlik sistemi tamamilə müasir tələblərə uyğun şəkildə yenidən quruldu.
"2015-ci ildə aparılan islahatlar təhlükəsizlik sahəsində mühüm dönüş nöqtəsi oldu. Həmin islahatlar nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bu addım təhlükəsizlik sisteminin daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaratdı. Yeni qurumlar müasir texnologiyalarla təchiz edildi, kadrların peşə hazırlığı gücləndirildi, beynəlxalq əməkdaşlıq genişləndirildi. Azərbaycanın təhlükəsizlik sistemi bu gün regionun ən güclü və peşəkar strukturlarından biri hesab olunur", - o bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi Azərbaycan təhlükəsizlik orqanlarının gücünü və peşəkarlığını bir daha nümayiş etdirdi. Müharibə təkcə hərbi güclə deyil, həm də kəşfiyyat və informasiya üstünlüyü ilə qazanıldı.
"Təhlükəsizlik orqanları düşmənin planlarının əvvəlcədən müəyyən edilməsi, operativ məlumatların toplanması və hərbi rəhbərliyə çatdırılması istiqamətində mühüm rol oynadı. Müasir texnologiyaların tətbiqi, informasiya təhlükəsizliyinin qorunması və dezinformasiyaya qarşı mübarizə bu qurumların fəaliyyətinin əsas istiqamətlərindən biri oldu. Məhz bu fəaliyyət nəticəsində Azərbaycan ordusu müharibə zamanı daha effektiv və dəqiq əməliyyatlar həyata keçirdi. Kəşfiyyat məlumatlarının düzgün və operativ şəkildə təqdim olunması müharibənin taleyinə birbaşa təsir göstərdi", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, Vətən müharibəsindən sonra təhlükəsizlik orqanlarının fəaliyyəti daha da gücləndi.
"İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və dövlət nəzarətinin bərpası bu qurumların əsas vəzifələrindən biri oldu. Təhlükəsizlik orqanları separatçı fəaliyyətlərin qarşısının alınmasında, terror təhlükəsinin aradan qaldırılmasında və regionda sabitliyin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra təhlükəsizlik sisteminin qarşısında yeni və daha məsuliyyətli vəzifələr meydana çıxdı", - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, bugünkü dünyada təhlükəsizlik anlayışı əvvəlki illərlə müqayisədə daha geniş məna daşıyır.
"Artıq təhlükə yalnız hərbi sahə ilə məhdudlaşmır. İnformasiya müharibəsi, kibertəhlükəsizlik, transmilli cinayətkarlıq, terrorizm və digər risklər dövlətlərin qarşısında yeni problemlər yaradır. Azərbaycan təhlükəsizlik orqanları da bu çağırışlara uyğun şəkildə fəaliyyət göstərir. Kibertəhlükəsizlik sahəsində görülən tədbirlər, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, terrorizmlə mübarizə sahəsində aparılan əməliyyatlar bu qurumların müasir tələblərə uyğun fəaliyyət göstərdiyini sübut edir. Azərbaycanın geosiyasi mövqeyi və strateji əhəmiyyəti ölkənin təhlükəsizlik sisteminin də rolunu artırır. Bu gün Azərbaycanın xüsusi xidmət orqanları bir çox ölkələrin təhlükəsizlik qurumları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq regional sabitliyin qorunmasına və qlobal təhlükəsizlik məsələlərinin həllinə də töhfə verir", - o bildirib.
Onun sözlərinə görə, beynəlxalq forumlar, konfranslar və birgə əməliyyatlar Azərbaycanın təhlükəsizlik sisteminin dünya miqyasında nüfuz qazandığını göstərir. Bu isə həm ölkənin siyasi nüfuzunun, həm də təhlükəsizlik sisteminin gücləndiyini sübut edir
"Təhlükəsizlik orqanlarının fəaliyyəti adətən göz önündə olmur. Onların gördüyü işlərin böyük hissəsi gizli xarakter daşıyır. Lakin məhz bu fəaliyyət nəticəsində ölkədə sabitlik qorunur, dövlətin təhlükəsizliyi təmin olunur və xalqın təhlükəsizliyi müdafiə edilir. Bu qurumların əməkdaşları bəzən həyatlarını riskə ataraq dövlətin maraqlarını qoruyurlar. Onların fəaliyyəti dövlətin möhkəmliyinin əsas dayaqlarından biridir. Azərbaycanın təhlükəsizlik sistemi bu gün güclü, müasir və peşəkar bir struktura çevrilib", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, martın 28-i təkcə bir peşə bayramı deyil, həm də Azərbaycanın dövlətçilik tarixinin mühüm bir səhifəsidir.
"107 illik yol göstərir ki, təhlükəsizlik orqanları ölkənin müstəqilliyinin və sabitliyinin əsas dayaqlarından biridir. Ümumilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl, Prezident İlham Əliyevin həyata keçirdiyi modernləşdirmə siyasəti və Vətən müharibəsində qazanılan tarixi qələbə bu qurumların gücünü və əhəmiyyətini bir daha sübut edir. Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qürur hissi ilə qeyd edirlər. Onlar müasir çağırışlara uyğun şəkildə fəaliyyət göstərərək dövlətin təhlükəsizliyini qoruyur, xalqın rifahı və sabitliyi naminə xidmətlərini uğurla davam etdirirlər. Azərbaycanın təhlükəsizlik sistemi bundan sonra da ölkənin güclənməsində və milli maraqların qorunmasında əsas rol oynamaqda davam edəcək", - politoloq əlavə edib.
