Bakı. Trend:
24-27 mart 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Hainan əyalətinin Boao şəhərində keçirilən Boao Asiya Forumunun İllik Konfransı qlobal və regional əməkdaşlığın inkişafına həsr olunmuş nüfuzlu beynəlxalq platforma kimi dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, aparıcı ekspertləri və biznes liderlərini bir araya gətirib.
Trend xəbər verir ki, “Ortaq gələcəyin formalaşdırılması: yeni dinamika, yeni imkanlar və yeni əməkdaşlıq” mövzusuna həsr olunan forum çərçivəsində qlobal iqtisadi transformasiya, çoxtərəfli əməkdaşlıq, ticarət münasibətlərinin gələcəyi, süni intellektin inkişafı, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf kimi aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi forumda yüksək səviyyədə
təmsil olunub. Mərkəzin üzvləri – Qırğızıstanın sabiq Baş naziri
Comart Otorbayev, BMT Baş Assambleyasının 73-cü sessiyasının
Prezidenti Maria Fernanda Espinosa, BMT Baş Assambleyasının 75-ci
sessiyasının Prezidenti Volkan Bozkır, eləcə də Mərkəzin Baş katibi
Rövşən Muradov tədbirdə iştirak edərək müxtəlif panel
müzakirələrində çıxış ediblər.
Forum çərçivəsində, həmçinin, bir sıra görüşlər keçirilib. Belə ki,
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Sohail Khan,
Pakistanın sabiq Baş naziri Shahid Khaqan Abbasi və İtaliyanın
sabiq Baş naziri Paolo Gentiloni ilə görüşlər zamanı növbəti Qlobal
Bakı Forumuna hazırlıq, eləcə də bu çərçivədə əməkdaşlıq imkanları
ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Boao Asiya Forumu Asiya və dünya ölkələri arasında dialoq və əməkdaşlığın təşviqində mühüm rol oynayan aparıcı platformalardan biridir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu forumda iştirakı onun qlobal səviyyədə fəal rolunu əks etdirir. Eyni zamanda, Mərkəzin Çin Xalq Respublikası ilə münasibətləri son illər ərzində ardıcıl şəkildə inkişaf edir və müxtəlif beynəlxalq platformalarda formalaşan əməkdaşlıq bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
