...

Təhlükəsizlik orqanları dövlətimizin suverenliyini və milli maraqlarını qətiyyətlə qoruyur – Deputat

Siyasət Materials 28 Mart 2026 14:47 (UTC +04:00)
Təhlükəsizlik orqanları dövlətimizin suverenliyini və milli maraqlarını qətiyyətlə qoruyur – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) yaradılmasının 107-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarix 1919-cu il martın 28-də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin təsis olunması ilə başlanır.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, həmin dövrdə hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılan bu struktur milli təhlükəsizlik sisteminin əsasını qoydu və gənc respublikanın maraqlarının qorunmasında mühüm rol oynadı.

A.Həsənova vurğulayıb ki, təhlükəsizlik hər bir dövlətin mövcudluğunun və davamlı inkişafının başlıca təminatıdır:

“Güclü və dayanıqlı təhlükəsizlik sistemi olmadan iqtisadi tərəqqi, ictimai sabitlik və vətəndaş rifahı mümkün deyil. Azərbaycan bu gün dünyanın sabit və təhlükəsiz ölkələrindən biri kimi tanınırsa, bu, təhlükəsizlik orqanlarının peşəkar və prinsipial fəaliyyəti ilə birbaşa bağlıdır”.

Deputat qeyd edib ki, təhlükəsizlik qurumları ötən bir əsrdən artıq dövrdə müxtəlif mərhələlərdən keçib:

"Sovet hakimiyyəti illərində bu orqanlar fərqli adlar və strukturlar altında fəaliyyət göstərsə də, milli maraqların qorunması baxımından arzuolunan səviyyədə müstəqil fəaliyyət imkanlarına malik olmayıb. Xüsusilə milli kadrların rəhbər vəzifələrə irəli çəkilməsi uzun müddət məhdudlaşdırılıb.

Bu sahədə əsas dönüş isə Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin olunmasından sonra baş verib. Onun təşəbbüsü ilə təhlükəsizlik orqanlarında milliləşdirmə siyasəti həyata keçirilib, peşəkar və vətənpərvər kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik sistemində formalaşdırdığı peşəkarlıq ənənələri sonrakı illərdə müstəqil Azərbaycanın sabitliyinin təmin olunmasında mühüm rol oynayıb”.

A.Həsənova qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra təhlükəsizlik sistemi yeni çağırışlara uyğun şəkildə yenidən quruldu:

“Məhz Ulu Öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə hər il 28 mart təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu qərar dövlətin təhlükəsizlik əməkdaşlarının əməyinə verdiyi yüksək dəyərin göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhlükəsizlik sahəsində kompleks islahatlar həyata keçirilib. 2015-ci ildə aparılan struktur dəyişiklikləri nəticəsində xüsusi xidmət orqanlarının fəaliyyəti daha çevik və səmərəli formada təşkil olunub, müasir dövrün risk və təhdidlərinə adekvat cavab vermək imkanları genişləndirilib. Maddi-texniki baza gücləndirilib, yeni inzibati binalar tikilib, sosial təminat və kadr hazırlığı istiqamətində mühüm addımlar atılıb”.

A.Həsənova vurğulayıb ki, ötən illər ərzində təhlükəsizlik orqanları terrorçuluğa, casusluğa, dini ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizədə ciddi nailiyyətlər əldə edib:

“Eyni zamanda kibertəhlükəsizlik sahəsində qabaqlayıcı tədbirlər görülüb, informasiya təhlükəsizliyinin qorunması istiqamətində mühüm əməliyyatlar həyata keçirilib. Azərbaycanın antiterror koalisiyalarında fəal iştirakı da ölkəmizin beynəlxalq təhlükəsizlik sisteminə töhfəsinin bariz nümunəsidir”.

Deputat xüsusi olaraq vurğulayıb ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçiblər:

“Onların qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq. Bu gün təhlükəsizlik orqanlarının şəxsi heyəti müasir çağırışlara uyğun fəaliyyət göstərərək dövlətimizin suverenliyini, konstitusiya quruluşunu və milli maraqlarını qətiyyətlə qoruyur. Ölkəmizə yönələn bütün təhdidlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq, Azərbaycanda davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək”.

A.Həsənova təhlükəsizlik orqanlarının əməkdaşlarını 107-ci ildönümü və peşə bayramı münasibətilə təbrik edərək onlara çətin və şərəfli xidmətlərində yeni uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti