...

Hücumlar səbəbindən İranın əsas polad zavodunda istehsal dayandırılıb

Dünya xəbərləri Materials 28 Mart 2026 12:53 (UTC +04:00)
Hücumlar səbəbindən İranın əsas polad zavodunda istehsal dayandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin zərbələrindən sonra İranın əsas polad zavodlarından birində istehsal dayandırılıb.

Trend bu barədə İran KİV-ə istinadən xəbər verir.

İranın cənub-qərbində yerləşən "Khuzestan Steel Company"nin məlumatına görə, ötən gün polad istehsalı obyektlərinə endirilən zərbələrdən sonra zavodun fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib. ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti