Bakı. Trend:
Orta Dəhliz boyu iş üçün bir çox istiqamətlər müəyyən edilib.
Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos COP29 çərçivəsində “Dayanıqlı və rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
“AYİB bütün Orta Dəhliz ölkələrində iştirak edir, biz geniş şəbəkəmiz vasitəsilə birlikdə işləmək, milli və regional prioritetləri razılaşdırmaq və onları layihələrə çevirmək üçün idarəetmə, nəqliyyat infrastrukturu operatorları və yük sahibləri ilə işləmək imkanlarını axtarırıq”, - o bildirib.
Regional direktorun sözlərinə görə, Orta Dəhliz boyu həm “sərt” infrastruktur, həm də “yumşaq” əlaqə sahəsində bir çox iş sahələri müəyyən edilib.
"Bir maliyyə qurumu olaraq biz əməkdaşlığa və niyyətlərimizi həyata keçirməyə hazırıq", - o deyib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.