...

Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyatın payını 30 faizə çatdırmağı planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 15:37 (UTC +04:00)
Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyatın payını 30 faizə çatdırmağı planlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan 2030-cu ilə qədər elektrik və hibrid nəqliyyat vasitələrinin payını 30 faizə çatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, ekoloji təmiz nəqliyyatın inkişafı şəhərlərin davamlı inkişafı üçün prioritetdir.

"Şəhər nəqliyyatı istixana qazı emissiyalarına və hava çirkliliyinə əhəmiyyətli dərəcədə təsir göstərir, xüsusilə Almatı və Astana kimi böyük şəhərlərdə, burada yol sıxlığı və ekologiyanın pisləşməsi kimi problemlər daha çox hiss olunur.

Qazaxıstan hökuməti karbon izini azaltmaq üçün strategiyalar həyata keçirir, bu strategiyalara ictimai nəqliyyatın modernləşdirilməsi, elektrik avtobusları, tramvaylar və şarj stansiyaları infrastrukturunun inkişafı daxildir.

Elektrik nəqliyyat vasitələrinin istifadəsi vergidən azadolma və subsidiyalar vasitəsilə stimullaşdırılır. Ekoloji nəqliyyat şəhərlərimizin həyat keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafı üçün həm çağırış, həm də fürsətdir", — deyə T.Lastaev vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti