Bakı. Trend:
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin, o cümlədən, Orta Dəhlizin yaradılmasına dəstəyini davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə BMT baş katibinin müavini və ESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbana COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.
"Yaşıl nəqliyyat dəhlizlərinin yaradılması yalnız müvafiq texnologiyaların tətbiqini deyil, həm də ölkələr arasında standartların qarşılıqlı tanınmasını əhatə edən müvafiq razılaşmaların bağlanmasını tələb edir. Bu, regional əməkdaşlığı gücləndirəcək.
Normativ bazaların harmonizasiyası və rəqəmsal həllərin tətbiqi vasitəsilə Orta Dəhlizdə multimodal əməliyyatların gücləndirilməsi nəqliyyat sistemlərinin daha dayanıqlı olmasını təmin edəcək. ESCAP bu istiqamətdə dəstəyini davam etdirəcək", — deyə o qeyd edib.
Onun sözlərinə görə, dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması karbon emissiyalarının azaldılması, nəqliyyat və ticarət axınlarının effektivliyinin artırılması, alternativ enerji mənbələrindən istifadənin təşviqi və ağıllı nəqliyyat həllərinin tətbiqi vasitəsilə Paris Sazişinin hədəflərinə nail olmaqda mühüm rol oynayır.
"Müxtəlif nəqliyyat növlərinin, xüsusən də avtomobil nəqliyyatına nisbətən daha dayanıqlı olan nəqliyyat növlərinin inteqrasiyası böyük əhəmiyyət kəsb edir", — deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.