Bakı. Trend:
Azərbaycan və Belarus arasında sənaye sahəsində birgə kooperasiya qarşılıqlı tədarüklərin artmasına, ticarət əlaqələrinin möhkəmlənməsinə və logistika xərclərinin azalmasına töhfə verir.
Trend xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Bakıda keçirilən Azərbaycan–Belarus Biznes Forumu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında birgə təsərrüfat subyektlərinin sayı mütəmadi olaraq artır ki, bu da malların və xidmətlərin qarşılıqlı axınının yüksək dayanıqlılığından xəbər verir.
“Bizim əsas vəzifəmiz Belarus bazarına malların tədarükü və eyni zamanda Azərbaycan bazarına məhsulların çıxarılmasıdır. Lakin digər tərəfdən, bu, mühüm bir komponentdir, çünki hər iki ölkənin bazarları, xüsusilə Azərbaycan bazarı, yüksək rəqabətlidir. Burada malların çatışmazlığı yoxdur. Bizim məqsədimiz birgə sənaye kooperasiyasını inkişaf etdirməkdir,”- deyə diplomat vurğulayıb.
Səfir qeyd edib ki, sənaye kooperasiyası sənaye sahəsində dərin struktur dəyişikliklərinin nəticəsi olan birgə istehsal müəssisələrinin yaradılmasına imkan yaradır və hər iki tərəfin potensialını gücləndirir.
“Bu, "Made in Azerbaijan" markası altında bazarda daha dayanıqlı mövqe tutmağa, eyni zamanda Belarusda ‘Sdelano v Belarusi’ brendinin keyfiyyətlə assosiasiya olunmasına şərait yaradır,” – deyə o əlavə edib.