Bakı. Trend:
Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel Messi milli komandalar səviyyəsində ən çox məhsuldar ötürmə edən futbolçu kimi yeni rekord müəyyənləşdirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Oktyabrın 15-də Argentina yığması yoldaşlıq görüşündə Puerto-Riko komandasını 6:0 hesabı ilə məğlub edib. Messi bu görüşdə iki qol ötürməsi ilə yadda qalıb və ümumi ötürmələrinin sayını 60-a çatdırıb. Bununla da o, ABŞ futbolçusu Lendon Donovanın (58) nailiyyətini geridə qoyub.
38 yaşlı Messi 2023-cü ildən “İnter Mayami” klubunda çıxış edir. Karyerası ərzində o, İspaniyanın “Barselona” və Fransanın “PSJ” klublarında da oynayıb. “Barselona”nın heyətində hücumçu İspaniya çempionatının onqat qalibi, Çempionlar Liqasının dördqat və Klublararası Dünya Çempionatının üçqat qalibi olub.