Bakı.Trend:
“Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı diqqətin növbəti nümunəsidir.
Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda Azadə Hüseynova bildirib.
O vurğulayıb ki, bu sənəd Naftalan neftinin müasir turizm məhsulu kimi beynəlxalq bazarlarda tanıdılmasını və ölkəmizin sağlamlıq turizmi potensialının daha geniş miqyasda təbliğini hədəfləyir.
Agentlik rəsmisi həmçinin qeyd edib ki, son illərdə Dövlət Turizm Agentliyi sağlamlıq turizminin inkişafı istiqamətində bir sıra vacib layihələri həyata keçirib:
“Ötən il Şuşada keçirilən sağlamlıq turizmi üzrə ilk konfrans bilik və təcrübə mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayaraq ölkəmizin bu sahədə tanıdılmasına mühüm töhfə verdi.
Bundan əlavə, Dövlət Turizm Agentliyi ilə TƏBİB arasında “Tibbi turizmin inkişafı üzrə birgə əməkdaşlığa dair Fəaliyyət Planı” təsdiq olunub”.
A. Hüseynova əlavə edib ki, bu plan sağlamlıq turizminin idarəetmə çərçivəsinin təkmilləşdirilməsini, bu sahədə potensialın tanıdılmasını və tibbi xidmətlərə əlçatanlığın artırılmasını nəzərdə tutur.