Bakı. Trend:
2025-ci ilin sonunadək daha 4 TƏBİB tabeli tibb müəssisəsində radioloji xidmətlərin yenidən təşkili nəzərdə tutulub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.
Onun sözlərinə görə, son beş ildə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində radioloji xidmətlərin yenidən təşkili istiqamətində genişmiqyaslı işlər həyata keçirilib:
"Bu tədbirlər çərçivəsində mövcud infrastrukturun müasirləşdirilməsi, qabaqcıl tibbi texnologiyaların tətbiqi və əhalinin diaqnostik xidmətlərə əlçatanlığının artırılması əsas hədəf kimi müəyyən edilib. Hazırda TƏBİB tabeli tibb müəssisələrində ümumilikdə 25 maqnit-rezonans tomoqrafı (MRT), 44 kompüter tomoqrafı (KT) avadanlğı mövcuddur".
Zamirə Ədilova bildirib ki, son 5 il ərzində Bakı şəhəri üzrə 10 tibb müəssisəsində müasir avadanlıqlar quraşdırılıb:
"Belə ki, paytaxtda yerləşən dövlət tibb müəssisələrində 7 ədəd
MRT və 9 ədəd KT istifadəyə verilib.
Bununla yanaşı, regionlar üzrə 13 tibb müəssisəsində radioloji
xidmətlərin yenilənməsi həyata keçirilib, həmin müəssisələrdə 7
ədəd MRT və 9 ədəd KT avadanlığı quraşdırılıb".
O vurğulayıb ki, bu addım regionlarda yaşayan əhali üçün yüksək dəqiqlikli diaqnostik xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
"Bununla da radiologiya xidmətlərinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib, əhalinin bu xidmətlərə çıxış imkanları artırılıb, diaqnostik proseslərin effektivliyi yüksəldilib və göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunluğu təmin olunub. Əlavə olaraq, uzunmüddətli inkişaf planına uyğun olaraq, 2025-ci ilin sonunadək daha 4 TƏBİB tabeli tibb müəssisəsində radioloji xidmətlərin yenidən təşkili nəzərdə tutulub"-, deyə Zamirə Ədilova qeyd edib.