Xocalı. Trend:
Oktyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 27 ailə, 116 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.
Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə Şuşakənd kəndinə 15 ailə köçürülüb. Beləliklə, indiyədək kənddə ümumilikdə 42 ailə məskunlaşdı.
xxx
14:40
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, açarlar təqdim olunub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
xxx
14:40
Növbəti köç karvanı Xocalı rayon Təzəbinə kəndinə çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 27 ailə 117 nəfər Təzəbinə kəndinə çatıb. Daha sonra kəndə qayıdan ailələrə sahib olduqları evlərin açarları təqdim ediləcək.
xxx
13:10
Xocalı rayonunun iki kəndinə növbəti köç yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Trend-in Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndlərinə köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 27 ailə olmaqla 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə olmaqla 117 nəfər köçürülüb. Köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.