...

Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 15 Oktyabr 2025 10:28 (UTC +04:00)
Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi səlahiyyətlərinin icrasına başlayıb (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni Baş katibi Ramil Həsən vəzifəsinin icrasına başlayıb.

Trend xəbər verir ki, bu münasibətlə TÜRKPA-nın baş ofisində təhvil-təslim mərasimi keçirilib.

Tədbiri açan sabiq Baş katib Mehmet Süreyya Er Türk dünyasında əməkdaşlığın getdikcə möhkəmlənməsindən, türk dövlətləri başçılarının siyasi iradəsinin bu prosesdəki mühüm rolundan bəhs edib. O, katibliyə rəhbərliyi dövründə görülən işlərdə əməyi keçən hər kəsə, o cümlədən TÜRKPA Katibliyinin əməkdaşlarına minnətdarlığını ifadə edib.

Mehmet Süreyya Er yeni Baş katib Ramil Həsənin vaxtilə TÜRKPA-nın ilk Baş katibi olduğunu xatırladıb, onun yenidən bu vəzifəyə qayıtmasını təşkilatın inkişafı baxımından əhəmiyyətini vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar diləyib.

Sonra TÜRKPA-nın yeni Baş katibi Ramil Həsən çıxış edərək, Mehmet Süreyya Erə Baş katib kimi səmərəli fəaliyyətinə görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. O, qeyd edib ki, TÜRKPA-nın Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş 14-cü plenar sessiyasında Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Baş katib seçilib. Ramil Həsən ona göstərilən yüksək etimadı doğrultmaq üçün əməyini əsirgəməyəcəyini bildirib.

O, qardaş və dost türk dövlətləri arasında inteqrasiyanın, əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Yeni Baş katib Türk dövlətlərinin liderlərinin həyata keçirmiş olduqları tarixi missiyanın parlament müstəvisində davamı olan TÜRKPA-nın möhkəmləndirilməsi, Türk ailəsinin birliyinin və həmrəyliyinin dərinləşdirilməsi barədə fikirlərini bölüşüb, TÜRKPA Katibliyinin gələcək fəaliyyətinin prioritetlərini açıqlayıb, əməkdaşlıq və koordinasiyanın daha da gücləndiriləcəyini vurğulayıb.

Mərasimdə TÜRKPA-nın bayrağı yeni Baş katibə təhvil verilib.

xxx

10:28

Daha əvvəl xəbər verdiyimiz kimi, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Plenar iclasında qəbul edilən Assambleyanın 12 iyun 2025-ci il tarixli Qərarına əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.

Trend xəbər verir ki, müvafiq qaydaya uyğun olaraq Baş katib səlahiyyətləri rəsmi mərasimlə keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilən Baş katib Ramil Həsənə təhvil verilir.

Rəsmi mərasimdə TÜRKPA-nın bayrağının təhvil verilməsi prosesi həyata keçiriləcək.

Tədbirdə həmçinin təşkilatın gələcək fəaliyyəti ilə bağlı qısa fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti