Bakı. Trend:
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “İnsanlığa qarşı cinayətlər” mövzusuna həsr olunmuş komitə iclasında Azərbaycan tərəfindən bəyanat səsləndirilib.
Trend-in məlumatına görə, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev təqdim edib.
Birinci katib çıxışında insanlığa qarşı cinayətlərin beynəlxalq hüququn ən ağır pozuntularından biri kimi tanındığını vurğulayaraq, bu cinayətlərin qarşısının alınması və cəzalandırılmasının bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu bildirib.
“Azərbaycan Respublikası insanlığa qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyanın hazırlanması istiqamətində Beynəlxalq Hüquq Komissiyasının fəaliyyətini yüksək qiymətləndirir. Ölkəmiz bu sahədə vahid və hərtərəfli hüquqi çərçivənin formalaşdırılmasını dəstəkləyir”, – deyə birinci katib qeyd edib.
Tale Əliyev sonda əlavə edib ki, Azərbaycan bu prosesə sadiq qalır və insan hüquqları ilə beynəlxalq humanitar hüququn müdafiəsinə öz töhfəsini verməkdə davam edəcək.