Bakı. Trend:
“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edəcək.
Həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə maliyyə yardımının 2023-cü il yanvarın 1-dən ödənilməsi üçün tədbirlər görəcək.