Bakı. Trend:
Hər il Azərbaycanda təhsilə 5 milyarda yaxın, daha dəqiq desək 4,9 milyard vəsait ayrılır.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, son illərdə təhsil sahəsində bir sıra dövlət proqramları, konsepsiyalar və strategiyalar həyata keçirilib.
Bu sənədlərin əsas istiqaməti – təhsilin keyfiyyətinin artırılması, əlçatanlığının təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması və təhsil islahatlarının ardıcıl şəkildə həyata keçirilməsidir.
Nazir müavini vurğulayıb ki, təhsilə ən böyük investisiyalar əsasən dövlət tərəfindən həyata keçirilir:
“Dünya təcrübəsinə baxdıqda görürük ki, orta hesabla təhsil
investisiyalarının təxminən 85 faizi dövlətin, 15 faizi isə özəl
sektorun payına düşür. Lakin bu göstərici ölkələrə və təhsil
səviyyələrinə görə dəyişir. Azərbaycan üzrə isə bu nisbət bir qədər
fərqlidir, yəni təhsil sahəsinə qoyulan investisiyaların təxminən
95 faizi dövlət büdcəsindən, cəmi 5 faizi isə özəl sektor
tərəfindən qarşılanır. Dövlətimiz hər il dövlət büdcəsindən
təxminən 5 milyard manata yaxın vəsaiti məhz təhsil sahəsinə
yönəldir.
Bu, ümumi daxili məhsulun təxminən 3,8 faizinə bərabərdir”.