Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 478 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 27,5 milyon ABŞ dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,7 milyon ABŞ dolları və ya 20,6%, həcm ifadəsi ilə 33,6 milyon kVt/saat, yaxud 7,6% artıb.
Eyni zamanda, 2025-ci ilin ilk səkkiz ayı ərzində Gürcüstandan Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində, 34,3 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 340 min ABŞ dolları və ya 13,2%, həcm ifadəsində isə 5,2 milyon kVt/saat və ya 13,2% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 52,7 milyon ABŞ dolları dəyərində, 919,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,8 milyon ABŞ dolları və ya 8,3%, 98,8 milyon kVt/saat və yaxud 10% azalma deməkdir.
Eyni zamanda hesabat dövründə üç ölkədən - Rusiya, Gürcüstan və İrandan Azərbaycana 4,9 milyon ABŞ dolları dəyərində 115,6 milyon kVt/saat elektrik enerjisi idxal edilib. Bu isə ötən ilin ilk 8 ayındakı göstəriciyə nisbətən dəyər baxımından 26 min ABŞ dolları və ya 0,5%, həcm ifadəsində isə 7,6 milyon kVt/saat və yaxud 6,2% azdır.