...

SpaceX “Starship” raketinin 11-ci sınaq uçuşunu həyata keçirib

Dünya xəbərləri Materials 14 Oktyabr 2025 05:53 (UTC +04:00)
SpaceX “Starship” raketinin 11-ci sınaq uçuşunu həyata keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin SpaceX şirkəti bazar ertəsi “Starship” kosmik gəmisinin prototipini daşıyan raketin 11-ci sınaq uçuşunu həyata keçirib.

Trend xəbər verir ki, buraxılış şirkətin X sosial şəbəkəsində canlı yayımlanıb.

Raket Texas ştatındakı Starbase buraxılış məntəqəsindən yerli vaxtla saat 18:24-də (Bakı vaxtı ilə 03:24-də) havaya qalxıb. Qeyd edək ki, əvvəlki “Starship” buraxılışı avqustun sonunda uğurla baş tutmuşdu.

Bu dəfəki sınaqda kosmik gəmi yükləmə bölməsindən səkkiz simulyasiya edilmiş “Starlink” rabitə peykini yerləşdirməyə cəhd edəcək. Eyni zamanda, prototipin buraxılış meydançasına qaytarılması məqsədilə yeni texnoloji təkmilləşdirmələr sınaqdan keçirilir. Uçuşun təxminən bir saat davam edəcəyi və Hind okeanında suya enişlə başa çatacağı gözlənilir.

SpaceX rəhbəri İlon Mask mart ayında bildirmişdi ki, şirkət 2026-cı ilin sonunadək “Starship” vasitəsilə insanabənzər “Optimus” robotunu Marsa göndərməyi planlaşdırır. Əgər bu missiya uğurlu olarsa, 2029-cu ildə Marsa insanlı uçuşlar da mümkündür. Maskın uzunmüddətli hədəfi 20 il ərzində Marsda özünü təmin edən şəhər yaratmaqdır.

“Starship” sistemi çoxfunksiyalı layihə kimi nəzərdə tutulub — insanlı orbit uçuşları, peyk buraxılışları, Ay və Mars missiyaları, həmçinin daha uzaq kosmik istiqamətlər üçün istifadə ediləcək. Sistem yenidən istifadə oluna bilən “Super Heavy” və “Starship” modullarından ibarətdir. Onun ümumi hündürlüyü 121 metr, diametri 9 metr, yükgötürmə qabiliyyəti isə 100–150 ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti